Ehtimat Əsədovu kim əvəz edəcək? – Qazilərdən açıqlama

Ehtimat Əsədovu kim əvəz edəcək? – Qazilərdən açıqlama backend

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim, Qarabağ qazisi Ehtimat Əsədov vəfat edəndən sonra onu kim əvəz edəcək sualı neçə vaxtdır döyüşçülər və ictimaiyyət arasında qapalı müzakirəyə səbəb olmuşdur.

Nəhayət bu gün “Qarabağ qaziləri” birliyinin rəhbərliyi sükutu pozdu.

QAZİLER.AZ saytına “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlundan daxil olan məlumata görə, təşkilatın idarə heyəti növbəti toplantısını keçirib. Toplantıda əsas məsələ birliyin nizamnaməsinə uyğun olaraq yeni sədrin seçilməsi üçün ümumi yığıncağın keçirilməsi, ona qədər isə birliyə kimin rəhbərlik edəcəyini müəyyən etmək olub.

İdarə heyəti qərara gəlib ki, ümumi yığıncağa qədər birliyə Qarabağda şərəfli döyüş yolu keçmiş Qarabağ qazisi, təşkilatın idarə heyətinin üzvü Asəf Əliyev rəhbərlik etsin. Yəni A.Əliyev ümumi yığıncağa qədər “Qarabağ qaziləri” İctimai Birliyinin sədrini əvəz edəcək.

Digər bir qərar isə ümumi yığıncağın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması olub. Qərara alınıb ki, təşkilat komitəsinin sədri Qarabağ qazisi, birliyin idarə heyətinin üzvü Firudin Məmmədov olsun.

O da qərara alınıb ki, “Qarabağ qaziləri” İctimai Birliyinin ümumi yığıncağı gələn ilin mart ayında keçirilsin.

Xatırladaq ki, “Qarabağ qaziləri” İctimai Birliyinin sədri E.Əsədov bu il, oktyabrın 16-da dünyasını dəyişib.

QAZİLER.AZ