Aldadılan Qarabağ əlilinin şikayətinə baxan yoxdur

Aldadılan Qarabağ əlilinin şikayətinə baxan yoxdur backend

Sədərək Ticarət Mərkəzində şəriki tərəfindən aldadılan Qarabağ müharibəsi əlili şikayətinə heç kimin baxmamasından gileylənir

II qrup Qarabağ əlili, üç uşaq atası Elman Abdullayev 21 ildir Sədərək Ticarət Mərkəzində icarədar işləyib. Lakin iki il əvvəl özünə şərik götürməyi onun başına bəla olub. “Şərikimin yeri arxa tərəfdə 42 kv.m, mənim yerim isə 21 kv.m idi. Biz bu yerləri birləşdirərək bir müddət bir yerdə şərikli işlətdik. Bu ilin avqust ayında, müqavilələr dəyişilən zaman mən müalicəyə getdim və şərikim mənim olmamağımdan istifadə edərək müqaviləni öz adına dəyişib. Mənə də yerin yalnız ona məxsus olduğunu bildirərək şərikliyin pozulduğunu dedi. Bu barədə bazarın müdiriyyətinə müraciət etdim. Onlar isə baxışdan sonra dükanın yenidən bölünməsinə razı olmayaraq etirazıma məhəl qoymadılar və dedilər ki, hara istəyirsənsə ora şikayət elə. Bazar rəhbərliyi mənə başqa yer təklif edir. Ora isə alver üçün münasib yer deyil. Məni ticarət mərkəzinin rəhbəri ilə görüşməyə də imkan vermirlər. İndiyə qədər dövlətdən bir Qarabağ əlili kimi heç nə tələb etməmişəm. Başımı aşağı salıb ailəmi dolandırmağa çalışmışam. İndi mənə imkan vermirlər...

Bu məsələ ilə bağlı prezident aparatında və İqtisadi İnkişaf Nazirliyində də olmuşam. Onlar şikayətimə baxacaqlarını, məsələni araşdıracaqlarını bildiriblər. Hələ ki, bir nəticə yoxdur”.

Qeyd edək ki, 1965-ci ildə anadan olan Elman Abdullayev Ağdam istiqamətində gedən döyüşlərdə (Xudu Xuduyevin batalyonunda) iştirak edib və 1993-cü il mart ayının 11-də yaralanıb.