Xaçmazda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Xaçmazda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Qaziler.az bildirir ki, xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən, noyabrın 23-də Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir Dövlət Himninin ifası ilə başlayıb. Sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova çıxış edərək, "Vətənin müdafiəsinə hazıram!" adlı tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ən ali mənəvi və müqəddəs dəyərləri özündə təcəssüm etdirən vətənpərvərliyin gənc nəsilə aşılanması qarşıda duran əsas vəzifələrdən biridir. Diqqətə çatdırıb ki, rayonda bu sahədə bir çox nailiyyətlər əldə edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov sabahın əsgəri olacaq gənclərin hərbi xidmətə hazırlanması, onlarda hərbi sahəyə marağın artırılması istiqamətində Xidmət tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verib. Vurğulayıb ki, ölkəmizin paytaxtında və regionlarında təşkil edilən "Vətənin müdafiəsinə hazıram!" adlı silsilə tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Respublika Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev qeyd edib ki, ölkəmizin zəngin hərb tarixi irsi var. Bu tarixi irsin gənc nəslə çatdırılması, onların milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi cəmiyyətin inkişafına xidmət edir.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Xaçmaz rayon məktəblərinin özfəaliyyət kollektivləri maraqlı proqramla çıxış ediblər.