Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 10 il ötür.
2008-ci ilin bu günü - noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.“Əziz dostlar!
Qol.az saytının 10 yaşı məhz bu gün - 17 noyabrda tamam olur. Bizim üçün bu əlamətdar gün münasibətilə həftə ərzində həm medıa, həm də ictimaiyyətin göstərdiyi diqqət, xoş sözlər, çoxsaylı təbriklər bizi sevindirmək, bizə əlavə ruh verməklə yanaşı indiyədək daşıdığımız məsuliyyətin çəkisini daha da artırdı. Bu günlər diqqət göstərib yubiley yaşımızı işıqlandıran əziz jurnalıst həmkarlarımın demək olar hamısından bir sualı eşitdim - bundan sonrakı hədəfiniz nədi?
Əlbəttə, şablon səslənsə də, məqsəd daha da böyümək, öz iqtisadi gücümüz sayəsində ən azı qonşu Rusiyada olduğu kimi 20 illiyimizə qədər heyətində 40-50 peşəkar jurnalistin çalışacağı böyük bir idman media qurumunu formalaşdırmaqdır. Amma mənə görə daha da vacib bir missiyamız var ki, onu bundan sonra da davam etdirməyə, sadəcə, borcluyuq. Bu, Sözə, jurnalistikanın dəyər və qızıl prinsiplərinə sadiqlikdi, ucuz sensasiyalar, şit dedi-qodu, ara söhbətlərinin qarşısında əngəl olan bir media qurumu statusunu qorumaqdır.
O ki qaldı 10 ilə...
Həyat üçün qısa, amma media üçün uzun olan bu yolu çətinliklə də olsa ona görə gələ bildik ki..
... Bu 10 illik yolda Qol.az-ın yaranmasının ideya müəllifi Mirhacib Məcidlə həmişə bir-birimizə inanıb dəstək olduq, etibar etdik. O inam, etibar olmasaydı ya Qol.az saytı ümumiyyətlə olmayacaqdı, ya da olacaqdısa belə ən azı ölkənin ən reytinqli idman saytları sırasına düşməyəcəkdi.
Və əlbəttə bizim gənc, hər gün gecə saat 2-3-ə qədər işləyən kollektivimizin əməyini minnətdarlıqla qeyd edirəm.
Uzun sözün qısası, 10 ilə yekun vurduq, indi isə hər şeyə sanki yenidən başlayırıq. Sıfırdan. Lap ilk günümüzdə olduğu kimi...
Qol.az saytının baş redaktoru Aydın Bağırov”
Qaziler.az saytı olaraq biz də həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində yeni uğurlar arzulayırıq!