“O dövrdə çətinliyə, hərc-mərcliyə baxmayaraq, insanlarda inam vardı...”
“Azərbaycan Ordusu qüdrətli və yenilməzdir. Bunu Aprel döyüşləri bir daha sübut etdi. Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhu da yüksək səviyyədədir. Əgər əməliyyatlar dayandırılmasaydı, Ermənistan ordusu Silahlı Qüvvələrimiz qarşısında duruş gətirə bilməyəcəkdi. Çünki düşmən bütün silah-sursatını atıb qaçmışdı”.Müsahibim - aprel döyüşlərində cəsarətinə, əzminə görə seçilən Azərbaycan ordusunun ehtiyatda olan zabiti, polkovnik-leytenant Daşqın Abbasovdur. Əvvəlcə məlumat üçün qeyd edim ki, o, 1974-cü ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1981-ci ildə Zəngilan şəhər 1 saylı orta məktəbinə qədəm qoyub. 1988-ci ildə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Liseyi bitirdikdən sonra təhsilini Voronej Ali Hərbi Aviasiya Mühəndisləri Məktəbində davam etdirir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Daşqın vətənə dönür ali hərbi təhsili Bakı Ali Komandirlər Məktəbində təhsilini başa vurur. Elə o vaxtdan gənc zabit Azərbaycan Müdafiə Nazirliyinin təyinatı Naxçıvan Muxtar Respublikasına göndərilir. 13 il muxtar respublikada yerləşən hərbi hissələrdə qulluq edən Abbasov sonradan ölkənin digər hərbi birləşmələrinə göndərilir.
2016-cı ildə ordumuzun uğurla başa çatdırdığı aprel döyüşlərində iştirak edir. Abbasovla Zəngilan rayonunun işğalının 25-ci il dönümü ərəfəsində görüşməyimiz heç də təsadüfi deyil. Söhbətimiz itirdiyimiz o cənnət məkanlardan olacaq.
Qeyd edim ki, bir Azərbaycan kişisi, bir zabit olaraq onun işğalda qalmış ərazilərimizin azad olunması istəyi-arzusu daha qabarıqdı, daha qızğındı. Çünki əli silah tutur, çünki yurdu düşmən tapdağı altındadı, çünki o bir zabitdir!..
O vaxt gənc olmasına baxmayaraq Daşqın o dəhşətli müharibə illərinə şahid olub, kəndinin igidləri ilə bəzi əməliyyatlarda iştirak edib. Qəlbində düşmənə bitməyən bir nifrət, qisas hissi var. O, bu hisslərin haradan qaynaqlandığını asta-asta danışmağa başayır: “Bilirsiniz ki, Zəngilan Ermənistanın Qafan rayonu ilə sərhəddə yerləşirdi.

Elə ona görə də 1988-ci ildə Qarabağ hadisələri başlayandan Zəngilan ardıcıl olaraq erməni yaraqlılarının hücumuna məruz qalırdı. Buna cavab olaraq yerli əhalidə səfərbər olaraq özünümüdafiə dəstələri təşkil etdi. O dəstələrin fədakarlığı sayəsində düşmənin hücumları dəf edilirdi. Rayonun müdafiə edilməsi məqsədilə Azərbaycan Respublikası Müdaifə Nazirliyinin müvafiq əmri ilə 1991-ci il noyabrın 11-də Zəngilan rayon ərazi özünümüdafiə taboru yaradıldı. O dövrdə çətinliyə, hərc-mərcliyə baxmayaraq, insanlarda inam vardı. Hamı səngərdə düşmənə qarşı vuruşmaq istəyirdi. Elə anlar olub ki, döyüş mövqelərinə texnika çıxara bilməyəndə əhali bizə yaxından kömək edib. Bütün silah və sursatları mülki adamlar öz maşınlarına yığıb döyüş yerlərinə daşıyırdılar. Əhalidən belə münasibəti görən əsgər ön cəbhədə daha inamla vuruşurdu və döyüş mövqeyini tərk etməyi ağlına belə gətirmirdi. Rayonun Keçikli kəndindən olan tank komandiri Baloğlan Süleymanov 3 qardaşı ilə birlikdə Milli Orduda xidmət edirdi. Süleymanovlar ilk itkini 1992-ci ilin avqustunda verdilər. Baloğlan Süleymanovun 10 yaşlı oğlu Sadiq erməni tankından açılan mərmi ilə faciəli şəkildə həlak oldu.
Baloğlan dedi ki, oğlumun qisasını almasam, onun qəbrinin üstünə getməyəcəm. Axşam Baloğlan, Elşən, Namiq, Pənah və Elman silahlanıb, ermənilərdən qisas almağa getdilər. Qeyd edim ki, bu əməliyyatda mən də iştirak etməliydim. Ancaq döyüşçülərin əməliyyata çox getməsi məqsədəuyğun hesab olunmadı. Eyni zamanda digər döyüşçülərə görə mən daha gənc olduğum üçün arxada qalmağı və lazım gələrsə onlara kömək üçün getməyimizi vacib olduğunu dedilər.
Haşiyə:
Gecə səhərə kimi meşə ilə yol gedib, bir erməni kəndinə çatıblar. Bir necə nəfər onları arxadan qorumaq üçün özlərinə mövqe seçiblər. Yuxarıda qeyd etdiyim döyüşçülər qisas üçün avqustun 22-də səhərdən axşama qədər Sadiqi öldürən tankı axtarıb. Nəhayət, özlərinə “Qızlar ağacı” adlanan yüksəklikdə mövqe seçiblər. Hənd qəsəbəsindən “Qızlar ağacı”na yalnız bir yol qalxır. Onlar bilirdi ki, həmin tank bu yolla “Qızlar ağacı”na gəlib, Zəngilanın kəndlərini vuracaq. Gecə səhərə kimi mövqelərini tərk etməyən döyüşcülərimiz səhər saat 6-da bir “Niva” nın onlara doğru irəlilədiyini görürlər. Qumbaraatanla “Niva”nı vurub, ermənilərin dördünü də öldürüb, sonra isə dərhal həmin ərazidən uzaqlaşırlar. Beş kilometr məsafə qət edəndən sonra ermənilərin yaşadığı Kilsə kəndinə yaxın bir ərazidə mövqe seçirlər. Burdan erməni tankının hərəkət trayektoriyasını müşahidə etmək daha asan idi. Bir müddət də gözləyəndən sonra Kolluqışlaq kəndi ilə üzbəüz yerləşən erməni postunun arxasına keçirlər. Baloğlan deyir ki, mən qumbaraatanla “blendaj”dakı erməniləri vuracam, siz də postdakı əsgərləri aradan götürün. Baloğlanın işarəsi ilə əməliyyat başlanır. O, arxa qapıdan “blendaj”ın içini vurur. Qrupun digər üzvləri isə postdakı əsgərləri atəşə tutur. Məqsəd “blendaj”dakı ermənilərin hamısını öldürmək idi. Buna görə də “blendaja” 18 əl qumbarası atıb, bir nəfərin də sağ qalmağına imkan vermirlər. Ertəsi gün məlum olub ki, postdakı əsgərlərlə birlikdə 25 erməni öldürülüb.

Zəngilanın Kolluqışlaq kəndi ilə üzbəüz yerləşən erməni postunu məhv edəndən sonra Baloğlanı kəşfiyyat bölüyünün komandiri təyin etdilər. 1993-cü il oktyabr ayının 25-də Süleymanovlar vətən uğrunda ikinci dəfə şəhid verdilər. Kəşfiyyat bölüyünün komandiri Baloğlan Süleymanov həmin gün Dərzili kəndində qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə baş çavuş Süleymanov Baloğlan Süleyman oğlu (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir.
Ordumuz qəhrəmanlıq və döyüş əzmi nümayiş etdirməsinə baxmayaraq 23 avqust 1993-cü il tarixdə Füzuli və Cəbrayıl rayonları, bir həftə bundan sonra isə - 31 avqust tarixində Qubadlı rayonu düşmənin əlinə keçdikdən sonra Zəngilan rayonu erməni mühasirəsində təkləndi. İki aya qədər düşmən mühasirəsində qalan Zəngilan rayonu faciəli günlər yaşadı. Həmin dönəmlərdə Azərbaycanla əlaqələr demək olar ki, kəsilmişdi.
Oktyabrın 23-dən başlayaraq döyüşlər daha şiddətli xarakter aldı. Zəngilan alayı təpədən dırnağacan silahlanmış düşmən qarşısında nə qədər bacardısa, duruş gətirə bildi. Oktyabrın 29-da qərargah məcburiyyət qarşısında Mincivan qəsəbəsinə köçürüldü. Dinc əhalinin Araz çayına yetişməsi, onların düşmən əlinə keçməməsi naminə bütün alay əllərindən nə gəlirdisə, onu da etdi. Lakin təəssüf ki, 30 oktyabr 1993-cü ildə Zəngilan rayonunu da erməni qəsbkarları tərəfindən iğal edildi.
Əslində Zəngilanın işğalının təməli 10 dekabr 1992-ci ildə 11 kəndimizin işğalı ilə qoyulmuşdu. Böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər ermənilərın əlində cəmləşmişdi.O vaxt baş verən bu hadisə “Şayıflı faciəsi” kimi tarixin qara səhifəsinə yazıldı. Həmin döyüşlərdə rayonumuzun neçə-neçə qəhrəman oğlu şəhid oldu. Ermənilər çoxlarının tanıdığı polis əməkdaşı Adil Rüstəmovu da həmin gün qətlə yetirdilər. Onlar polisimizi xüsusi amansızlıqla öldürmüşdülər. Düşmən onunla əlbəyaxa olub qollarını sındırıb, sonra da ağzına torpaq yığaraq boğmuşdular (qeyd edim ki, Adil Rüstəmov “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub).

Təxmini hesablamalara görə, erməni işğalı nəticəsində Zəngilan rayonuna 3,5 milyard ABŞ dolları ziyan dəyib.
Bəli, bütün bunlar tarixdir. Məcburiyyət qarşısında öz dədə-baba torpaqlarını tərk edib, Araz çayını keçərək müxtəlif ərazilərə pənah gətirmək də tarixdir. Amma bir həqiqət də var ki, tarix təkrarlanır. “Ümid sonda ölür” - deyirlər. Vətənsevər, yurdsevər zəngilanlılar da o torpağa, doğma dədə-baba yurd yerlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Nə yaxşı ki, ümidlər işğal olunmayıb. Zəngilanlılar doğma yurd yerlərinə qayıdacaqlarına ürəkdən inanırlar...
Tarixə nəzər yetirərkən aydın olur ki, bütün müharibələrin gedişində bir dönüş nöqtəsi olub və bu dönüş nöqtələri savaşın müqəttaratında böyük rol oynayıb. Məlum aprel hadisələrini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gönüş nöqtəsi kimi qiymətləndirsək yəqin ki, yanılmarıq. Ordumuzun bu hadisələr zamanı göstərdiyi şücaət belə deməyimizə tam əsas verir.
Aprel hadisələri Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi. Siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən, tutduğu mövqedən asılı olmayaraq hər bir kəs öz vətəndaşlıq mövqeyini göstərdi. Dörd günlük aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını o qədər də geniş şərh etməyə yəqin ki, ehtiyac yoxdur. Peşəkar hərbçi kimi əminliklə qeyd edim ki, ciddi nizam-intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit - əsgər münasibəti, hərbi və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə ünvanlaya bilərik.
Sevindirici haldır ki, bu gün Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan ordusunun qüdrətlənməsi və inkişafı ilə bağlı ən önənli və danılmaz fakt isə ondan ibarətdir ki, dövlət ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır. Və son olaraq hər bir məcburi köçkünə, hər bir qarabağlıya əminliklə deyirəm: “Biz o yurda dönəcəyik!”
Söhbətləşdi: Əntiqə Rəşid