Məlum olduğu kimi, Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını hazırlayıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödənişlə təmin olunması üçün sənədlərin qəbulu prosesini həyata keçirir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ödənişlərin 2 il müddətinə icra olunacağını bildirib.
Fərmana əsasən, bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
Hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az ) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.
Bəzi şəhid ailələri həlak olmuş dağmalarının adlarının həmin siyahıda olmadığını bildirirlər. Hətta buna etiraz olaraq, bir neçə dəfə müxtəlif qurumların qarşısında aksiya keçiriblər.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a daha bir açıqlama verib.
F.Talıbov deyib ki, müraciətlər ərizə formasında edilir və müvafiq təsdiqedici sənədlər arxivdən çıxarılaraq, ərizəçilərə təqdim olunur:
“1991-1997-ci illərdə hərbi qulluqçunun həlak olması ilə əlaqədar vərəsələr ölüm haqqında şəhadətnamə, müvafiq hərbi komissarlığın arayışı və vərəsəlik şəhadətnaməsi əsasında yaşadıqları ərazi üzrə Dövlət Sığorta Kommersiya Şirkətinin rayon (şəhər) filialına müraciət edirdilər.
Təqdim edilmiş sənədlər əsasında həmin dövrdə qüvvədə olan sığorta məbləği vərəsənin istəyi ilə adlı çeklə və ya əmanət bankına köçürmə yolu ilə ödənilirdi”.
Şöbə müdiri qeyd edib ki, şirkət tərəfindən vərəsələrinə ödəniş barədə ilkin məlumatlar ödəniş jurnalında qeydiyyata alınıb:
“Sonradan həmin məlumatlar əsasında elektron informasiya bazası yaradılıb".