Daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı cəsarət və fədakarlıq göstərərək tüstüdən boğulan körpəni alovların içindən sağ-salamat çıxardığına görə dünyanın nüfuzlu media orqanları tərəfindən "qəhrəman polis" adlandırılan polis əməkdaşı Elvin Abışovu və ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən Report.az İnformasiya Agentliyinin fotomüxbiri Orxan Əzimovu qəbul edib.
Daxili işlər naziri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuş dövlət qurumlarının, o cümlədən polisin fədakar xidmətini yerli və xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə Orxan Əzimova Daxili İşlər Nazirliyinin "Fəxri fərmanı"nı da təqdim edib.

Qeyd edək ki, "Report.az" İnformasiya Agentliyinin fotomüxbiri Orxan Əzimovun hadisə baş verən yerdən çəkdiyi foto "Associated Press", "The Times", "The Guardian", "The Huffington Post" və s. nüfuzlu nəşrlər tərəfindən "Günün fotoları" rubrikasında dərc olunub.
