Qardaş gəl ay qardaş gəl, qarlı dağları aş, gəl... - Şəhid Abbas Behbudov

Qardaş gəl ay qardaş gəl, qarlı dağları aş, gəl... - Şəhid Abbas Behbudov backend

İlk dəfə idi ki, o səsin , o ah-nalənin qarşısında çarəsiz- çarəsiz göz yaşı töküb, təsəlli verməyə aciz qalacağımı bildiyim üçün çağrılan yerə könülsüz gedirdim... Buna baxmayaraq həm də tələsiyirdim.

O yataqxanaya, orada uzun illərdi kök salmış bir hüznə çatmalıydım. Dərnəgülün tən ortasında köçkünlərə müvəqqəti ev -ocaq olan həmin yataqxanaya yaxınlaşdım. Əsli xala pəncərənin qarşısında durub sakitcə çölü seyr edirdi. Binaya yaxınlaşdıqca onun həzin-kədərli səsi qulaqlarıma, oradan beynimə-ürəyimə xəncər kimi saplandı:

Əzizim ala dağı,
Bürüyüb lala dağı,
Hər yara sağalsa da,
Sağalmaz bala dağı.

O ağı düz 26 ildi Əsli xalanın dilindən düşmür, 26 ildir gələndən –gedəndən bala soraqlayır.

Hələ dünyanın əminaman zamanlarıydı. 1973-cü ilin 10 apreli-ilıq bir yaz səhəri idi. Qarabağ elində -Ağdam rayonu Baş Qərvənd kəndində -Behbudovların ailəsində bir oğlan dünyaya gəldi. Adını Abbas qoydular. Gəlişi ilə ailəyə bir dünya sevinc gətirdi. Analıq sevgisini sevincinə qataraq şirin xəyallar qurur, qurduğu xəyalların həsrətini çəkirdi Əsli xala: ”Böyü boyunu görüm, böyü toyunu görüm” … Bütün oğul böyüdən analar kimi…



Günlər nağıllardakı kimi keçirdi. Abbas hər gün böyüyürdü, hər gün boy atırdı. Bir zaman ana-atası da, qonşular da, qohumlar da baxdılar ki, Abbas boylu-buxunlu, qəddi-qamətli bir oğul olub. Çatma qaşlı, ala gözlü o ucaboy oğlan həm də mehribanlığı, sakitliyi, təmkini ilə tay-tuşlarından seçilirdi. Sinif yoldaşı olmuş, hazırda Qarabağ müharibəsi əlili mayor Bakir Abdullayevdə Abbas haqqında xatirələrini danışarkən onu bu sözlərlə xarakterizə edir: ”Abbas bizim üçün bir tərbiyə etalonu idi. Həmyaşıd idik, həm də paralel sinifdə oxuyurduq. Tez-tez məktəbdə uşaqlar bir-birimizlə dalaşardıq (əsasən futbolda), amma Abbasla nə vaxtsa sözümüzün çəpləşdiyi yadıma gəlmir. Çox sakit, təmkinli, həmdə tərbiyəli bir insan idi. Abbası bütün (hər iki sinif) uşaqlar çox istəyirdilər, xüsusən qızlar, çünki sakit təbiətli olduğundan özünə hörmət qazanmışdı. Pambıq yığımı qızlara kömək edərdi. Həmişə dava-dalaşdan uzaq, öz dünyasını yaşayan biri olub. Kimsənin xətrinə dəyməzdi. Müəllimlərdə onun xətrini istəyirdilər. Mənim də onun ölümünə inanmağım gəlmir. Kaş ki, bir gün onun sağ sorağını eşidək ”.

Amma heç kim, heç dogma anası da bilmirdi ki, bu oğlanın daxilində bir igidlik, bir aslan cəsarəti yatır.

Udqunaraq boğazına tıxanmış qəhərini güclə udan Altay qardaşının yolunu hələ də gözlədiyini, onun üçün çox darıxdığını söylədi:” Abbasın yeri görünür, Məndən qamətdə də, yaşda da böyük idi. Xasiyyətlərinə görə ona hörmətlə yanaşardılar . Yadıma düşmür ki, kiminsə xətrinə dəysin, kimisə incitsin, acılasın. Qardaş olduğumuza baxmayaraq, Abbas tamam başqaydı. Necə deyərlər, imam övladıydı. Bəzən danışanda da, güləndə də, əsəbləşəndə də, elə bilirəm sakit –təmkinli, gülümsər çöhrəsi ilə qəflətən peyda olacaq: ”Altay yenə neyləmisən, kimnən savaşmısan”-deyəcək. Mən balaca vaxtı çox nadinc idim. Demək olar ki, arxamda qardaşımın olduğunu bilirdim deyə güclüydüm, cəsarətliydim. (gülümsəyir)



Məhləarası , məktəbdə olan “davalarda” sözüm keçirdi. Çünki qardaşıma güvənirdim. Qardaşımın varlığı məni güclü edirdi. Amma indi arxam –dayağımı itirmişəm. Bu itki məni çox ağrıdır. Bəzən özümdən asılı olmadan bu misraları ürəyimdən keçirirəm:

Qardaş gəl, ay qardaş, gəl,
Qarlı dağları aş, gəl.
Qürbət eldir, kimsəm yox,
Tökür gözüm qan-yaş, gəl


Kaş ki, o günlər qarabağlıların taleyinə yazılmayaydı. Həmin vaxtlar artıq Qarabağda böyük bir ocaq qalanmış, siyasətçilərin qanlı çanağı yerli əhalinin başında çatlayırdı. Dağlıq Qarabağdan qorxunc, tükürpədən xəbərlər gəlməyə başlamışdı. Bu arada Abbas orta məktəbi, sonrada 130 saylı peşə məktəbinin sürücülük kursunu bitirdi. 1991-ci ildə Azərbaycan Milli Ordsuna-həqiqi hərbi xidmətə çağırıldı. İlk əvvəl Bakı şəhərində yerləşən hərbi hissədə təlimlər keçdi. Hərbin qaydalarına yiyələndikdən sonra onları ön cəbhəyə -Zəngilana gətirdilər. Ermənistanın Qafan rayonu ilə sərhəddə yerləşən Zəngilan rayonu ən çox hücuma məruz qalan obalarımızdan idi. Burda hər dağ, hər tin, hər kənd uğrunda ölüm-dirim vuruşması gedirdi. Belə təhlükəli vaxtda atam Zəngilana əsgər oğlunu görməyə gedir. Komandirin Abbas haqqında söylədiyi xoş sözləri ailəsində də, qohum-əqrabasının içində də fəxrlə dilinə gətirir. Hər axşam ailəmiz cəm olurdu televiziyanın qarşısına və Azərbaycan Müdafiə Nazirliyinin cəbhə məlumatlarını həyəcanla-diqqətlə izləyərdik. Ən xırda bir qələbəyə uşaq kimi sevinər, itki olanda günlərlə kədərə -qəmə batardıq. Axı əzizlərimizin çoxu-kəndin cavanları səngərdə-düşmən qarşısında idi”.



Əsli xala yanağında cıgır açmış göz yaşlarını əlinin axası ilə silib, söhbətimizə qoşulur, Deyir ki, elə bilirdim Abbasdan xəbəri ancaq televiziya vasitəsi ilə alacam:”Elə bil ürəyimə dolmuşdu. Xəbərlər başlayana qədər həyəcandan əsim-əsim əsirdim, ta ki, proqram bitənə qədər. Abbasdan pis bir xəbər olmadığına görə sakitləşib , dərindən nəfəs alırdım. Nəhayət qorxduğum, amma həmişə hazır olduğum o xəbəri məhz ekrandan eşitdim. 1992-ci ilin 10 dekabrında Zəngilana, Qazançı kəndinə basqın edən rus və erməni qoşunları mövqelerimizi atəşə tutmuş, şəhid və itkinlərimizin olduğu bildirilmişdi. O gecəni səhərə qədər gözümüzü yummadıq. Sabahısı aldığımız o qorxunc xəbərlə sarsıldıq. Abbasgilin mövqeyi mühasirəyə alınıb, əsgələrin əksəriyyətini öldürüb- yandırıblar. Digərlərinin də taleyindən xəbər-ətər yox idi. Elə o gündən gözlərim yollara dikili qalıb.Gözlərim balamı axtarır, balamı soraqlayır. Yenə də ürəyimə damıb ki, Abbasın “öldü-qaldı” xəbərini almayınca ölmərəm”.

Behbud dayı kədərlə köksünü ötürüb, daha bu dərdə dözüm göstərə bilmədiyini dedi: “Həmin gün Abbasın itkin düşdüyü məlum oldu. Çünki axtarışlar zamanı döyüş meydanından gətirilən cəsədlərin arasında Abbasın meyidi yox idi. Yəqin ki, ermənilər Abbası yaralı olduğu üçün əsir götürə bilmişdi. Əks halda Abbas özünə əl qaldırar, amma əsir düşməzdi . Adı hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komitəsinin siyahısındadı. Bildiyimizə görə, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı bu il üçün 3875 nəfərdir. İtkin düşmüş hərbçilərin sayı 3168 nəfər, mülki şəxslərin sayı 707 nəfərdir. Ümumilikdə itkinlərin 3610 nəfərini kişilər, 265 nəfərini qadınlar təşkil edir. Abbas 1994-cü ildən şəhidlik status alsa da ümid edirəm ki, oğlum məhz 3610 nəfərdən biridi”.



Bu ailəyə təsəlli verməyə çalışmadım. Nisgilli anamıza, dərdli bacı-qardaşıma, çatıqqaşlı atamıza "ağlama”, - demədim. Onlar özləri də bilirlər ki, Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Azərbaycanda yaşayan öz vətəninə, xalqına bağlı olan hər kəs unutmamalıdır ki, işgal edilmiş Qarabağ torpaqlarımız - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən tapdağı altındadır. Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları qarşısında öz vicdan borclarını verməklə millətin yaşamaq hüququ olduğunu sübut edən zəfər marşını çalacaqlar. O günə çox qalmayıb…

Əntiqə Rəşid
Qaziler.az

Diaspora