(Elegiya) Dərmanım tapılmır, ağır xəstəyəm, Köhnə yaralarım hələ qan verir. Mən diri şəhidəm, ayaq üstəyəm, Vətənsiz ölənlər, necə can verir? (Ə. Saldaş)
Xəbər çox acı xəbərdi. Məmləkət sevdalı, Bayraq sevdalı, Torpaq sevdalı, Qarabağ nisgilli qazi Etimad Əsədov dünyamızı tərk etdi...Yolu səngərdən, partlayışdan, hospitaldan, zindandan, xəstəxanalardan keçib. Vətən uğrunda mübarizədən yaralı dönən Etimad Əsədovla Mərkəzi Hospitalda eyni palatada həyat uğrunda mübarizə aparırdıq. Onun ayağı və mənim də əlim qanqrena vermişdi. Hərdən o ağrıların şiddətiylə gəzişəndə onu da görürdüm. İlk söhbətimiz də yadımdadı. Qardaşı Sübhan və döyüş dostu Asəflə onun yanına getdik. Mənə ürək - dirək verib dedi ki, sənə nə var ki, əlini cibinə qoyub gəzəcəksən. Kimsə bilməyəcək. Deyəsən, mənim ayağımı kəsəcəklər.
Hospitalda bir qəribə həsəd vardı və onu heç zaman unutmadım. İki ayağı kəsilənlər, bir ayağı kəsilənlərə, bir ayağı kəsilənlər, əli kəsilənlərə, iki əli kəsilənlər, bir gözünü itirənlərə həsəd aparardılar. Amma sonuc: "Hər şey fəda olsun Vətənə!"-deyimiylə bitərdi.
Bir dəfə də soruşdu ki, niyə biləyini çox ovcalayırsan? Dedim ki, olmayan barmaqlarım qaşınır. O barmağımı qaşımaq üçün bu saat 1 milyon verərəm. Güldü ki, mənim də olmayan ayaq barmaqlarım qaşınır, hərdən. Düzü eyni şey, mənim də ağlıma gəlib. Bu gün ikinci məzarına tələsdin...
Çətindir sinəmdə ovutmaq dağı,
Unuda bilmirəm olub keçəni.
Sabah məzarımın iki olmağı,
Bu gün sağlığımda yandırır məni.
(Həbib Səfər)
...Etimad bəy ruhən savaşçı doğulmuşdu və o ruhu həyatının sonunadək bir Vətən kimi qorudu və kəfən kimi geyinib getdi. Savaşçı kimi bizləri tərk etdi. Kimsəyə əyilmədən, kimsəyə əl açmadan öz Tanrısına yürüdü. Bilirəm, o son məqamda da mütləq belə demiş olar:
Həyat dediyin nədir ki,
Ya bir gün, ya bir güllə...
Etimad Əsədov kimi adamlar məzarları ilə də Vətəni böyütməyə gedərlər. Əbədiyyən unudulmayacaq adını dünyada qoyub bu keşiyində durduğu Vətənə torpaq olmağa gedərlər. Torpaq ona görə müqəddəsdir. Səngər qoxulu döyüşçü qardaşını itirmək Vətən itirmək qədər ağırdır. Bu iki ağrını bu gün bir daha hiss elədim. Hər ikisiylə bir görüş ümüdüylə ayrılırsan. Zamanını və məkanını bilmədən. Məhcul bir ayrılıq. Çünki arxada viran edilmiş bir yurd nigarançılığı və öndə şəhid qardaşlarımızın məlum bir sualının cavabını verə bilməmək qorxusu var...
Etimad hamı kimi yaşamadı. Vətənə borcunu verərkən "yarımcan borcu" qalan yarımcan qazilərin bir-bir hayına, köməyinə yetmək istədi. Bu gün heç bir qazi onun yardımından yararlanmadığını deyə bilməz. İnanmıram ki, deyən olsun! Bu yolda minlərlə şəhid övladının, qazi övladının göz yaşını mirvari kimi görənlərə qarşı savaş açdığına görə ona düşmən kəsildilər. Bu məmləkəti yağlı tikə kimi sevənlərlə savaşı da Etimad qazandı. Çünki məmləkət insanı var olduqca, onun adının yaşayacağı şəksizdir.
Amma ona düşmən olanlar, savaşçıları heç sevməzlər...
Buralarda ölüm var
Ya oralarda yoxmu, ölüm?
Yoxsa sor özünə
Nədən çox sevir bizi,
Sizin sevmədiyiniz qədər?
(Fikret Tuncer)
Şərəfli ölüm bizləri sevsə, yetər. 3 qəpiyə Vətənlərini, 5 qəpiyə bədənlərini satanların bizləri sevməsi qorxuludu...
Etimad bəy haqqa yürüdü. Məmləkət insanı müqəddəs himnimizə öz qəhərini qata-qata, "Hüququndan keçən əsgər"-oxudu. Qəzan mübarək, əsgər qardaşım!
Allahın cənnətində şəhidlərimizlə həmsöhbət olasan.
Amma bu gedişinlə sıralarımızı yaman seyrəltdin. Çünki düşmən öz strateji hədəfini son qazinin öldüyü günədək təxirə salıb vaxt uzadır. Sən heç belə etibarsızlıq etməzdin. Niyə bu dəfə önə düşdün?
İnanıram ki, hər veteranımızı son mənzilə yola saldıqda dilimdə düyünlənib qalan bu xahişə ilkin dəstək verən də Sən olardın: "DÖYÜŞÇÜ QARDAŞLARIM, MƏN SİZDƏN QARABAĞI GÖRMƏDƏN ÖLMƏMƏYİ XAHİŞ EDİRƏM! OLURMU?"
Etmad bəy 55 yaşını tamamlamadı. Eyni ildə doğulduq. Amma bizim nəsil gəncliyini heç yaşaya bilmədi. Buna vaxtımız olmadı. Bizim gələcəyimizi oğurladılar. Bizim bu günümüz də olmadı.
Bu utanc ilə nə yaşamağa, nə də ölməyə haqqımız da yoxdur. Çünki bizdən sonra gələcək nəsillərin çiyninə qoyduğumuz bu yükə görə öz xəcalət yükümüz var. Bu vəbal, siyasəti xəyanətin sinoniminə çevirmiş bir para dəllalın boynundadır. Etimad bəy qazi kimi bu silləni vəbal sahiblərinin sifətinə vurmağı bacarırdı. Çünki əsil qaziydi...
Məkanın Cənnət olsun, Qarabağ nisgiliylə kəfənlənmiş Qazimiz!
fədai.az