Milli Qəhrəmanı Samid İmanov haqqında hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçirilib.
Qaziler.az bildirir ki, oktyabrın 15-də Neftçala rayonunda “Kür-Xəzər” xeyriyyə ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçirilib.Tədbir iştirakçıları, ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini və Milli Qəhrəman Samid İmanovun məzarını ziyarət etmişlər.
Sonra tədbir Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilib.
Çıxış edən “Kür-Xəzər” xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov bildirib ki, Azərbaycana aprel qələbəsini yaşadanlardan biri olan Samid İmanov Azərbaycan xalqının əbədiyaşar oğludur.
Akif Kərimov deyib ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Milli Qəhrəman” adına layiq görülən şəhid mayor Samid İmanovun yaşasaydı 37 yaşı olacaqdı. Ömür üçün az müddətdə Samid İmanov adını Azərbaycan tarixinə yazmağı bacardı.
Təşkilat rəhbəri qeyd edib ki, bu gün təqdim olunan “Yüksəlişin sirri” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli filminin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.
Tədbirdə çıxış edən Azərbaycan bayrağı ordenli general İsgəndər Allahverdiyev, Azərbaycan bayrağı ordenli polkovnik Xətayi Baxşıyev, Dünya Azərbaycanlıları Konkresinin sədr müavini Xəzər Emin, AZTV-nin əməkdaşı Elnar Məmmədli və digərləri Samid İmanovun vətənpərvərliyi və qəhrəmanlığı barədə geniş danışaraq , gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıblar.
Sonra “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, filmin ssenari müəllifi tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas, rejissoru Anar Şuşalı, redaktoru tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdır.