Şəhid ailələri Milli Məclisə müraciət etdilər

Şəhid ailələri Milli Məclisə müraciət etdilər backend

Nazirlik: “Onların sığorta haqqını aldıqlarına dair bütün sübutlar bizə təqdim olunub”

Ötən həftədən prezidentin fərmanı əsasında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular üçün sığorta haqlarının ödənişi prosesinə başlanıb.

Artıq proseslə bağlı narazılıqlar meydana çıxmaqdadır. Belə ki, “Azərsığorta” Dövlət Şirkətinin sığorta haqqını almış hərbi qulluqçular barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verdiyi məlumatla xeyli sayda şəhid ailəsi razılaşmır. Şəhid ailələri sığorta haqqını almadıqlarını bildirirlər. “Azərsığorta” isə pulun alındığını təsdiqləyən sənədləri təqdim edə bilmir, bunu arxivin hər 5 ildən bir yandırılması ilə izah edir. Əvəzində qurum şəhid ailələrindən sığorta haqqını almadıqlarını isbatlamağı tələb edir.

Dünən bu məsələ ilə bağlı bir qrup şəhid ailəsi Milli Məclisin önünə gedərək etirazlarını deputatlara bildiriblər. Deputatlar isə problemi parlamentin iclasında qaldırıblar.

Deputat Fazil Mustafa qeyd edib ki, ölkə prezidenti mütərəqqi addım ataraq şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilməsi məsələsini təmin edib: “Bu, çox vacib addım idi. Ancaq çox sayda adam var ki, onlar bu hüquqdan yararlana bilmir. Bildirilib ki, vaxtilə 50 min manat (5 şirvan) olan pulu alıblar. Onlar isə bunu almadıqlarını deyirlər.

Vətəndaşın öhdəsinə buraxırlar ki, alıb-almamaq məsələsini özləri sübut etsinlər. Başa düşmürəm ki, onlar niyə özləri sübut etməlidir? Nazirlik deyir ki, “Azərsığorta”da sizin adınız siyahıya salınmayıb. Qurumlar öz işini görə bilmir və şəhid ailələri Milli Məclisin deputatlarının üzərinə gəlirlər. Mən onları bu gün qəbul etdim. Məmurlar öz işini yerinə yetirə bilmir. Deyirlər ki, 5 ildən bir arxivi yandırırıq. Ona görə elektron formada sənədləşməni həyata keçirmək vacib addımdır" (Qafqazinfo.az).

Deputat Zahid Oruc da həmkarını dəstəkləyib. O bildirib ki, konkret bu ailələrin sayı 4800 nəfərdir: “Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni onlar məhək daşıdır. Şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq. Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılsın və problem aradan qaldırılsın”.

İclasda çıxış edən Qənirə Paşayeva da həmkarlarının fikirlərinə dəstək olub.

Milli Məclisin spikeri Oqtay Əsədov da məsələyə reaksiya verib. O, iclasda deyib ki, bu məsələ həll edilməlidir: “Ümumiyyətlə, yanaşma dəyişilməlidir. Hər şeyi Milli Məclis edə bilməz ki? Parlament şəhid ailələri ilə bağlı nə mümkündürsə etdi, iclaslar keçirdi, müraciətlər etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır. Tövsiyə edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, ”Azərsığorta"nın əməkdaşları parlamentə dəvət edilsin, məsələ müzakirə olunsun".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlər əlaqələr şöbəsinin müdiri Fazil Talıbov “Yeni Müsavat”a bildirib ki, Milli Məclisin önünə gedən şəhid ailələrinin bir qrupunun işi müvafiq qurumlarla birlikdə araşdırılıb: “Onların sığorta ödənişini aldıqlarına dair sübutlar əlaqədar təşkilatlar tərəfindən bizə təqdim olunub. Qanunvericiliyə əsasən şəhid ailəsi sığorta ödənişini bir dəfə ala bilər. Qalanlarının işi üzrə araşdırmalar davam edir. Biz bütün nəticələri ictimaiyyətə açıqlayacağıq”.

“Yeni Müsavat”