Dövlət müstəqilliyimizin bərpa edilməsinin 27 – ci ildönümü münasibəti ilə “Paralel” adlı tədbir – sərgi keçiriləcək

Dövlət müstəqilliyimizin bərpa edilməsinin 27 – ci ildönümü münasibəti ilə “Paralel” adlı tədbir – sərgi keçiriləcək backend

17 oktyabr 2018- ci il tarixində saat 12 00 – da Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpa edilməsinin 27 – ci ildönümü münasibəti ilə “Paralel” adlı tədbir – sərgi keçiriləcək.

Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

1991-ci il Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duya xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.

1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40 – dan çox fotoşəkil nümayiş etdiriləcək.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova və Tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərli çıxış edəcəklər.

Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı bədii hissə nümayiş etdiriləcək.

Tədbirdə Xüsusi mühafizə Xidmətinin əsgərləri, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərləri, İdrak liseyinin, 225 və 189- 190 saylı tam orta məktəbin şagirdləri və digər qonaqlar iştirak edəcəklər.
Diaspora