Əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə
Allah bu təmsil müəllifinin özünə və bütün keçənlərinə rəhmət eləsin. Necə də bu günümüzlə uzlaşır. Əslində təbiətin nizamına baxarsan bir ayının bir şir ilə əlbir olaraq dovşanı ovlamaları ilə bağlı hala rast gəlmərik, çünki nə ayılar, nə şirlər nə də insan xaric digər canlılar heç biri Allahın onlara yazdığı qanundan kənara çıxmazlar. Yaradan tərəfindən onlara bu haqq verilməmişdir. Yaradan yalnız insanlara azadlıq və seçim hüququ tanımışdır. Heç bir vəhşi başqa vəhşiyə çevrilə bilməz, yalnız insan öz xislətinə görə nəfsinin qulu olduğu zaman insanlıqdan çıxar və ən qəddar vəhşiyə belə vəhşilikdə köks ötdürdər. Bu insanlıq cənnət əvəzinə cəhənnəmi seçənlərdir. Böyük şairimizin təmsilindəki ayı və şir, təbiətdəki məsum olan ayı və şir deyil, insan cildində yaradılmış zalım və nizamsız yırtıcılardır. Bu gün söhbət açacağımız yırtıcılar qrupu yüksək kürsülərdə əyləşərək dövlətin onlara tanıdığı vəzifə imkanlarından sui-istifadə edərək dövlətin qoruma altına aldığı vətəndaşlara xəyanət etməklə, əslində dövlətin özünə xəyanət edirlər. Onlar dövlət başçısının verdiyi tapşırıqları tərsinə icra edirlər və hesab edirlər ki, bu elə-belə də gedəcəkdir. Biz dəfələrlə Möhtərəm Prezidentimizin belə xainlərə barmaq silkələyərək: “Qudurmuzunuz! Övladlarınız da qudurubdur!” dediyinin şahidi olmuşuq. Qudurmaq demişkən adamın ağlına bir sual gəlir, məgər insan da qudurar?Xeyr, insan qudurmaz, deməli, cənab Prezidentimizin barmaq silkələyərək qudurmusunuz dediyi insan cildinə girərək vəzifə tutmuş bəzi qudurğan vəhşilərdir. İndi də qayıdaq bəhs edəcəyimiz qudurmuş yırtıcılar qrupuna. O, qrupa ki, məsum insanları parçalamaqda sərhəd tanımırlar. Məsələn, Sizə desəm ki, müxtəlif vəzifələr daşıyan bir qrup məmur əlbir olaraq bir qazinin özəl mülki olan hasarlı, darvazalı evini sökərək yox etmişlər və onun torpaq sahəsini saxta sənədlərlə yenidən başqasının adına özəlləşdirərək 50 ( əlli) min ABŞ dollarına satmışlar; həmən ağlınıza bu təmsil gəlməzmi?
Bəla burasındadır ki, bizim təmsilimizin dırnaq arası qəhrəmanları bu cinayəti həyata keçirərkən dövlətin onlara etibar etdiyi vəzifəni köpək dişi yerinə istifadə etmişlər. Açmasını deyim ki, bu mafiya Abşeron yarımadasının kirli torpaq mafiyasıdır. Mafiyaya kimin başçılıq etdiyini dəqiq bilmirəm. Amma ayaqçılıq edənlərin içərisində məhkəmə sədri, hakimlər, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) idarə rəhbərləri, bələdiyyə başçıları, icra hakimiyyəti vəzifəliləri, ekspertlər və s. kimi, bir sözlə caynaqlarına keçirtdikləri ovu parçalayaraq, yenidən və başqa şəkildə toparlaya biləcək imkana malik, əslində quldur olan vəzifə sahibləri vardır.
Saytımızın məqsədi bu işin üzərinə gedərək Abşeron torpaq mafiyasını ifşa edib Qazimizin haqqını qorumaqdır. Arxalandığımız yer isə Ali Baş Komandanımızdır.
Qarabağ əlili İsayev Mustay Aslan oğluna məxsus (yaxın qohumu iş adamı tərəfindən alınaraq ona bağışlanmış) Xırdalan şosesi, 22-ci məhəllə, 10-cu sahə ünvanlı, 355 kvm torpaq sahəsi olan özəl mülkiyyət evini parçalayaraq yeni şəklə salan mafiya bunu necə etmişdir?
Çox sadə, əvvəlcə hacı Rövşən adlı Xırdalan şəhər sakini bir işbaz Mustaya məxsus evdə heç kimin yaşamadığını və buraya çox az-az gəlindiyini müəyyən edir və ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 4 saylı Ərazi İdarəsi reyestr xidmətinin rəisi Fərid Bağırov imkanlarından istifadə edərək Mustayın hasarının içərisindəki evinin özəl olsa da torpaq sahəsinin mülkiyyət olmadığını müəyyənləşdirir. Sonra Xırdalan şəhər İcra Hakimiyyətinin (13 noyabr 1992-ci tarixli, 584 nömrəli tarixli) sərəncamı ilə verilmiş və Mustayın torpağı olan əraziyə heç bir aidiyyəti olmayan başqa bir istiqamətdə, yəni Xırdalan-Masazır şosesinin cənub-qərbində yerləşən Vəliyeva Lətifə Həmid məxsus 1000 (min) kvm sahəsi olan torpağın sənədlərini Mustaya məxsus 355 kvm torpağın üzərinə sürüşdürmək üçün proses başlayır. Bu yerdə bələdiyyə və torpaq komitəsi dövriyyəyə girir. Əvvəlcə Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar müəllimin xüsusi canfəşanlığı ilə Babayeva Lətifənin cizgisi sürüşdürülərək Mustayın torpağının üzərinə gətirilir, sonra torpaq komitəsi həmin cizgi və sərəncam əsasında çox şübhəli kadastr (?) planı verir. Sonra bu kadastr planı əsasında Əmlak Komitəsin müvafiq orqanı tərəfindən Mustayın 355 kvm torpaq sahəsinin üzərinə Vəliyeva Lətifənin adına yeni çıxarış verir. Çıxarış verildikdən sonra “Hacı” Rövşən qaranlıq gecələrdən birində Mustayın darvazasının kildini qıraraq onun həyətinə soxulur və onun evini sökərək oğurlayıb aparır. (Onu da qeyd edim ki, həmin evdə bu günə qədər Mustayın qohumlarının daimi qeydiyyatı vardır.) Evi oğurladığına görə artıq ortada Mustaya aid bir mülk qalmamışdır, torpağa isə yeni çıxarış alınmışdır. Hər şey necədə gözəl qanunidir, Mustaylıq burda nə var ki. Belə olan təqdirdə “Hacı” Rövşən əfəndi torpağın 235 kvm –lik bir hissəsini 50 (əlli) min dollara Fövqəladə Hallar Nazirliyinin “halal zəhmətkeşi” Abuzər müəllimə satır. O da öz növbəsində “halal” qazancı ilə qısa müddət ərzində 3 (üç) mərtəbəli “balaca” bir villa tikdirir və villasına çıxarış alır. Bu zaman Mustay artıq evlənmək yaşına gəlmiş oğluna gün ağlamaq üçün torpağına baş çəkir. Gördüklərinə inanmayan qazi Abşeron məhkəməsinə müraciət edir. Bu arada Abşeron məhkəməsinin sədri Kazımov Elçin Məmməd oğlu sədr təyin edilməsindən sonra proses Mustayın əleyhinə çevrilir. Bu çevrilmənin kökündə məhkəmənin sədri Elçin müəllimlə “işbaz” hacı Rövşənin sinif yoldaşı, dost və qardaş olmaqlarının nə dərəcədə rolu olduğu məchuldur. Bütün məchulları biləndə Allahdır. Allah bilir ay hacı. İşə məhkəmənin hakimi Sevinc Quliyeva tərəfindən baxılır və Qarabağ əlilinin şikayəti, təbii ki, rədd edilir.
Abşeron məhkəməsində uduzan Qarabağ döyüşçüsü üz tutur Sumqayıt Apelyasiya Məhkəməsinə. Orada işə Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi, əvvəllər Abşeron məhkəməsində işləmiş Xırdalan sakini və hacı Rövşənin dostu, deyilənlərə görə ortağı, Şəmsəddin Abbasov tərəfindən baxılır. Nə gözəl təsadüf. Zərərçəkənin vəsatəti ilə Mustaya məxsus evin ünvan koordinatlarının təyin edilməsi ilə bağlı hakim tərəfindən ekspert təyin edilir. Ekspert kim ola, ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 4 saylı Ərazi İdarəsi reyestr xidmətinin əməkdaşları. Əslində, cavabdeh tərəf olan birinin ekspert təyin olunması da gözəl “təsadüflərdən” biridir.
Təbii ki, bu məsələ ilə bağlı qərəzli mövqeyi ilə seçilən 4 saylı reyestr xidmətinin rəisi Fərid Bağırovın müstəsna təlimatı ilə Mustayın torpağına baxışa gedən ünvan reyestr və reyestr xidmətinin əməkdaşları Qarabağ əlilinə məxsus bir evin olduğunu və onun söküldüyünü təyin etsələr də, evin yerinin və torpağının ünvanını təyin edə bilməmişlər. Bəh-bəh bəh-bəh!
Belə olan təqdirdə, hakim Şəmsəddin Abbasovda başqa heç bir araşdırma və dəqiqləşdirmə aparmadan, yəni qonşuları dindirmədən, hal şahidlərini cəlb etmədən, heç olmasa Mustayın torpağında Abuzər tərəfindən tikilən villanın ünvan koordinatlarının sökülərək oğurlanmış evlə üst-üstə düşüb-düşmədiyini dəqiqləşdirmədən və başqa suallara cavab araşdırmadan Qazimizin Apelyasiya şikayətini rədd etmişlər və Abşeronun qərarını qüvvədə saxlamışdır. Bundan əlavə qeyd etmək istəyirəm ki, evin və torpağın Mustaya aid olduğunu təsdiqləyən 2017-2018-ci illərdə verilmiş iki ədəd ekspert rəyləri də ortadadır. Ən maraqlısı və gözəli də budur ki, Mustaya məxsus köhnə çıxarışın ünvanı Xırdalan şəhəri, 22-ci məhəllə, 10-cu sahə olaraq dəqiq göstərildiyi halda, Vəliyeva Lətifəyə məxsus təzə və Abuzərə məxsus lap təzə çıxarışlar da mübahisəli torpağın, orada tikilən villanın ünvanı eləcə Xırdalan şəhəri olaraq göstərilmişdir. Məsələn yazılmışdır ki, Vəliyeva Lətifənin torpağının və Abuzərin evinin ünvanı eləcə Xırdalan şəhəridir. Altıdırmı, üstüdürmü, içidirmi bilinmir. Sizcə niyə? Belə ünvanmı olar? Bax elə xoruzun quyruğu da buradan görünür!
Növbəti mərhələdə işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılacaq. Ümid edirik ki, həmişə Qarabağ əlillərinin probleminə diqqətlə yanaşan, qayğı göstərən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Fərid kimilərinin ədalətsizliyini cəzasız buraxmayacaq və “ayıların”, “şirrlərin” hədəfinə çevrilmiş Qarabağ əlilinin pozulmuş hüququnu bərpa edilməsini təmin edəcək.
QAZİLER.AZ
Mövzunu davam etdirəcəyik.