“Bu cür mötəbər konfransda dünyaca məşhur şəxslərlə yanaşı, mənim də məruzəmin ilk saatlarda dinlənilməsi təmsilçisi olduğum Azərbaycan dövlətinə beynəlxalq aləmdə yüksək münasibətin təcəssümü olmaqla bərabər, çox qürürverici idi.”
Qaziler.az bildirir ki, Özbəkistan Səhiyyə Nazirliyi və Daşkənd Tibb Akademiyasının təşkilatçılığı ilə beyin qan dövranı və ürək xəstəlikləri ilə mübarizə mövzusunda keçirilən beynəlxalq elmi konfransda Azərbaycanı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov təmsil edib. R.Mahmudov bildirib ki, bu günlərdə paytaxt Daşkənddə təşkil olunan mötəbər tədbir dünyada böyük aktuallıq kəsb edən, Dünya Səhiyyə Təşkilatının bütün ölkələrə tövsiyə edərək, həyəcan təbili çaldığı xəstəliklərə qarşı mübarizə yolları ilə yanaşı, həm də bu xəstəliklərin qarşısının alınması barədə gələcək yol xəritəsinin hazırlanmasına həsr edilib.Tibb doktoru, tanınmış kardocərrah əlavə edib ki, 500-dən çox iştirakçıının qatıldığı konfransda Avropanın, Uzaq Asiyanın, eləcə də postsovet ölkələrinin içərisində Azərbaycanın da yer alması qürur doğurur: “Azərbaycanın təmsilçisi olaraq, elmi məruzələrlə bu xəstəliklərlə mübarizə sahəsində öz təcrübəmizi və dünya praktikasına aid gerçəklikləri geniş auditoriya ilə bölüşüb müzakirə etdik. Dünya ölkələrindən İtaliya, Polşa, Serbiya, İngiltərə, Almaniya, Cənubi Koreya, postseovet məkanından 3 ölkə - Rusiya, Özbəkistan, Azərbaycan iştirak edirdi. İki günlük tədbirin yekununda Özbəkistan səhiyyəsinin bu xəstəliklərlə mübarizəsində yol xəritəsinin hazırlanmasına 8 ölkə ilə yanaşı, ölkəmizin adından bizim imza atmağımız həm Azərbaycan səhiyyəsi üçün, həm də bir həkim olaraq mənim üçün olduqca qürurverici bir hadisə idi”.
Belə beynəlxalq konfransların səhiyyəmizin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan Rəşad Mahmudovun fikrincə, bu şəkildə təşkil edilən beynəlxalq konfranslar həm ölkələrdə qeyd edilən xəstəliklərlə yeni mübarizə üsullarının, həm də səhiyyənin yeni inkişaf perspektivləri içərisində əhalinin sağlamlığının daha geniş və güvənli şəkildə qorunması üçün atılan addımlardandır. Bu tədbirlər çərçivəsində həmin xəstəliklərlə mübarizə daha rahat və əlçatan olacaq. “Əlbəttə ki, bu beynəlxalq tədbirin keçirilməsi zamanı ilk 4 çıxışçı ölkə arasında Azərbaycana da yer verilməsi böyük üstünlük idi. Rusiyanı akademik A. Pokrovski, Özbəkistanı Daşkənd Tibb Akademiyasının rektoru, akademik Ş. Kərimov, Serbiyanı dünyaca məşhur kardiocərrah Lazar Davıdoviç, Azərbaycanı isə mən təmsil edirdim. Bu cür mötəbər konfransda dünyaca məşhur şəxslərlə yanaşı, mənim də məruzəmin ilk saatlarda dinlənilməsi təmsilçisi olduğum Azərbaycan dövlətinə beynəlxalq aləmdə yüksək münasibətin təcəssümü olmaqla bərabər, çox qürürverici idi.”