Qarabağ əlilləri mitinq qərarı verdi - Fotolar

Qarabağ əlilləri mitinq qərarı verdi - Fotolar backend

Bir qrup Qarabağ əlili oktyabrın 20-də etiraz aksiyası keçirməyi qərara alıb.

Bu haqda Muxalifet.az-a mitinqin təşkilat komitəsinin sədri, əlillərin hüquq müdafiəçisi, 1-ci qrup DİN-in Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoy məlumat verib. Qarabağ qazisinin sözlərinə görə, mitinq onunla yanaşı, Xaliq Abbaszadə, Eldar Hüseynov, Müşfiq İsmayılov və digər 31 əlil və şəhid ailəsi tərəfindən təşkil olunub. Bakış Şəhərə İcra Hakimiyyəti (BŞİH) başçısının səlahiyyətlərini icra edən Eldar Əzizova müraciət edən aksiyanən təşkilatçıları yazır:

“Qarabağ əlilləri və şəhid ailələrinə Nərimanov rayonunda, Əhməd Rəcəbli 46 ünvanında tikilən evi Nərimanov RİH, BŞİH və NK İşlər İdarəsinin vəzifəli şəxsləri zəbt edib, yerində villalar, kommersiya obyektləri tikiblər. 36 sotda tikilməli olan kompleksdən cəmi 8 sotda 4 qatlı ev tikilib. Binanın daxili hündürlüyü ən azı 2.70 metr olmalı olduğu halda, əlillər üçün tikilən evdə bu normaya əməl edilməyib və 2,50-2.60 metr hündürlüyündə tikilib. Əlillər evi layihədə Ə.Rəcəbli küçəsinin qırağında nəzərdə tutulsa da, Nərimanov RİH məmurları ƏƏSMN məmurları ilə cinayət əlaqəsinə girərək, binanın yerində "Nobel Elektrik", "Hilal Elektrik","Omid", "Net Elektrik " kommersiya obyektləri tikiblər. Əlillər evi 4 yandan 1 metrlik məsafədən məmur villaları, obyektləri ilə hasarlanıb. Evin pandüsü, kanalizasiyası, TV ötürücüsü, istirahət, uşaqlar üçün oyun meydançası da yoxdur. Qaz 4 ildən sonra çoxsaylı etirazlardan sonra verilib. Amma yenə də qazdan istifadə edə bilmirik. Çünki təhlükəsizlik qaydalarına əməl edilməyib. Elektrik enerjisindən istifadə etmək zorundayıq, bu da pensiyamızı aparır. Burada bir dənə də olsun ağac, yaşıllıq yoxdur. Heç piyada keçidi, svetofor da qoyulmayıb. 7 il qabaq Nəqliyyat Nazirliyinin "Omid"in qarşısında quraşdırdığı dayanacaq köşkünü bir gecənin içində oğurlayıb, hələ də yerinə qoymurlar.

Bina 4 yandan hasarlandığından fövqəladə hallarda təcili yardım, yanğın təhlükəsizliyi maşınları girə bilmir. Amma Fövqəladə Hallar Nazirliyi, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər bağlantılı qurumlara edilən şikayətlər qanuna zidd olaraq barəsində şikayət edilən Nərimanov RİH və BŞİH-ə göndərildiyindən səmərə vermir. Əksinə, evi zəbt edənlər yeni hasarlama, tikinti işlərini sürətləndirirlər.
15.09.2018-ci ildə BŞİH-ə müraciət edib 28.09.2018-ci ildə mitinq keçirməyimizi razılaşdırmasını xahiş etdik. BŞİH-in şöbə müdiri Zaur Ramazanov mitinqin vaxtından bir gün sonra 29.09.2018-ci ildə axşam saatlarında heç bir əsas olmadan konstitusiya ilə təsbit olunan sərbəst toplaşmaq azadlığı hüququnun Konstitusiyaya zidd olduğunu bildirib. Bu özbaşınalıq deyil, bəs nədir? Bəyəm Zaur Ramazanov BŞİH başçısının səlahiyyətlərini icra edir?
Bizim evin zəbt olunması davam edir. Bağlantılı qurumların -Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, ƏƏSMN -in Ombudsmanın nümayəndələrinin evə baxış keçirməsinə, hüquq mühafizə orqanlarının araşdırma aparmasına nail ola bilmirik. Odur ki, yenidən sərbəst toplaşmaq azadlığı hüququndan yararlanmaq üçün şəhər rəhbərliyindən 20 oktyabr 2018 -ci ildə saat 15-dən 17-yə kimi evin qarşısında mitinq keçirmək haqqında xəbərdarlıq edirik.
Hörmətlə, mitinqin təşkilat komitəsinin sədri, əlillərin hüquq müdafiəçisi, 1-ci qrup DİN-in Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoy Ağamalı oğlu, Xaliq Abbaszadə, Eldar Hüseynov, Müşfiq İsmayılov və digər 31 əlil və şəhid ailələri (imza vərəqələri əlavə olunur ).
Diaspora