Azərbaycanın Belorusdan aldığı raket kompleksləri barədə ilginc məlumatlar; hərbi ekspert: “Ermənistanın hər hansı KMTM üzvünə irad bildirməsi yersizdir”
Azərbaycanla Belarus arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə gətirilib. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumat işğalçı Ermənistanda ciddi narahatlıq yaradıb.Qeyd edək ki, bu raket komplekslərinin ilk partiyası əvvəlki dönəmdə ölkəmizə gətirilmişdi. Anlaşmaya uyğun olaraq, növbəti partiyanın gətiriləcəyindən əndişələnən İrəvan Belarusla KTMT çərçivəsində əməkdaşlığı əsas götürərək Minskə narahatlığını çatdırmışdı. Lakin blogger Lapşin məsələsində olduğu kimi, “Polonez” anlaşmasında da Lukaşenko hökuməti Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinə sadiqlik nümayiş etdirdi, faktiki olaraq, Ermənistan rəhbərliyini saya salmadı. Belarusun bu prinsipiallığını aprel döyüşlərindən sonra da görmüşdük. Minsk ona çətin günlərində maddi və mənəvi dayaq olan Azərbaycan dövləti ilə münasibətləri heç nəyə qurban vermədi və işğalçı Ermənistanı yerində oturtdu. Erməni ekspertlər “Polonez” raket komplekslərini Ermənistanın Rusiyadan hədiyyə kimi aldığı “İsgəndər” silahına cavab kimi qiymətləndirirlər. Düşmənin narahatlığı anlaşılandır. Azərbaycan ilbəil özünün silah arsenalına yenilərini əlavə edir.
Bu arada Ermənistan parlamentində 2019-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunub. Məlum olub ki, ümumi büdcə 1 trilyon 685 milyard dram (3,48 milyard dollar) təşkil edəcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, planlaşdırılan hərbi büdcə 60 milyard dram (640,2 milyon dollar) təşkil edəcək. Gələn il üçün yeni növ silah və hərbi sursatların alınması da büdcədə nəzərdə tutulur. Bu il Azərbaycanın hərbi büdcəsi 2 milyard 738 milyon 721 min manat məbləğində nəzərdə tutulmuşdu. Düşməni narahat edən odur ki, kredit hesabına bəzi silahları almağa çalışdığı halda, Azərbaycan öz imkanları sayəsində müasir silah-sursatları ilə ordusunu təchiz edir. Elə bu il ölkəmizdə keçirilən iki hərbi parad, həmçinin silah sərgisinə ev sahibliyi etməsi də dövlətimizin imkanlarını və qüdrətini göstərir.
Belarusdan alınan “Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir. Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “Polonez” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “Polonez”, həm də “LORA” kompleksləri GPS və INS sistemləri ilə idarə olunur.
Qeyd edək ki, bu ilin yazında Belarusun “Polonez” reaktiv yaylım atəşi sistemlərinin ixracına dair ilk müqavilənin yerinə yetirilməsinə başlayacağı bildirilmişdi. Bildirilirdi ki, müqavilə çərçivəsində 10 “Polonez” kompleksinin ixracı nəzərdə tutulur, alıcı isə Azərbaycandır. “Polonez” kompleksləri ilk dəfə 2015-ci ildə Minskdə hərbi parad zamanı nümayiş etdirilib, daha sonra raketlər poliqonda sınaqdan keçirilib və 300 kilometr məsafədə hədəfi 10-20 metr dəqiqliklə vurub. Çinin A-200 raketləri ilə təchiz edilən, Belarus hərbi sənayesinin idarəetmə sistemi ilə hədəfə yönləndirilən “Polonez” kompleksləri yüksək dəqiqlikli silah sistemi kimi özünü doğruldub.
Onu da qeyd edək ki, Azərbaycan ən güclü orduya malik ölkələr sırasında 58-ci yerdədir. Bu barədə “Global Fire Power” portalının hesabatında deyilir. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan isə 93-cü yerdə qərarlaşıb.
Hərbi ekspert Tərlan Eyvazov “Yeni Müsavat”a bildirdi ki, “Polonez” silahı yaylım atəşi kompleksidir: “Bu, ”Katyuşa"nın nəslindəndir, amma daha müasirdir. Minskdə yığılıb, yalnız mühərrik Rusiyadan alınır. Aparıcı mühərrik isə Çindən idxal olunur. Əvvəllər belə bir məlumat yayıldı ki, guya bu səbəbdən cinlilərin icazəsi olmadan Belarus onu üçüncü ölkəyə sata bilməz. Amma bu, doğru deyil. Belarus bu silahı xarici ölkələrə satmaqda sərbəstdir. Ölkəmizə gətirilən birinci partiya artıq uğurla sınaq təlimlərindən keçib. Artiq ikinci partiya gətirilib".
T.Eyvazov Azərbaycanın bu silah komplekslərini almasına hansısa ölkənin təsir göstərməsini mümkün saymır: “Azərbaycan və Ermənistan arasında müharibə rəsmi şəkildə elan olunmayıb. Ermənistan özü də bunun ona aidiyyəti olmadığını, bu münaqişənin ”Dağlıq Qarabağın öz müqəddəratını həll etmək uğrunda mübarizəsi" kimi qələmə verir. Belə olan halda Ermənistanin hər hansı KMTM üzvünə irad bildirməsi yersizdir. Burada Belarusun çox böyük kommersiya maraqlari təmin olunur, nədən Minsk öz xeyrindən kimsə Ermənistana görə imtina etməlidir?"
Ekspert onu da dedi ki, siyasətdə hər şey maraqlar üzərində qurulur: “Nə qədər mənfi yanaşsaq da, Rusiya kini fövqəldövlətin rəhbərinin ölkəmizə rəsmi səfəri və öncədən deyilsə də, Ermənistana getməməsi bizim üçün çox önəmli hadisədir. Deməli, ölkəmiz həm Rusiya, həm İran, həm Almaniya, həm də İsrail üçün böyük önəm kəsb edir. Ermənistan lideri isə yalniz populizmlə məşğuldur. Ortada ciddi bir iş, layihə yoxdur”.
“Yeni Müsavat”