Mübariz Qurbanlı: “Bu səbəbdən Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq İslam Universitetinə qəbulun dayandırılmasına qərar verib”
Bakı İslam Universitetinin bağlanması gündəmin müzakirə olunan mövzularından biri kimi qalmaqdadır. Həftənin əvvəlində Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib ki, “müvafiq qurumlarla məsləhətləşmələrdən sonra” QMİ təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib.QMİ-nin mətbuat xidmətinin rəhbəri bildirib ki, bu qərar Bakı İslam Universitetinə əvvəlki illərdə qəbul olanlara şamil edilmir: “Onlar təhsillərini əvvəlki qaydada davam etdirirlər”.
R.Dadaşova Bakı İslam Universitetinə daxil olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutuna köçürülməsinin səbəbini isə orada eyni ixtisas üzrə pulsuz təhsilin olması ilə izah edib.
Yada salaq ki, Bakı İslam Universiteti Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən özəl - vəqf universiteti idi. Bu səbəbdən də 1989-cu ilin əvvəlində QMİ-nin nəzdində ilk dəfə Bakı İslam Mədrəsəsi yaradılıb. 1991-ci ildə Mədrəsə Universitetə çevrilib. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində BİU-nun Zaqatala, Mingəçevir, Lənkəran və Sumqayıt filialları fəaliyyət göstərib. Ancaq sonradan hökumət bu filialları bağlayıb. BİU-nun yarandığı gündən rektoru QMİ sədrinin müavini Hacı Sabir Həsənli olub.
Bakı İslam Universitetinin bağlanması dini təhsilin QMİ-nin nəzarətindən tamamilə çıxması anlamına gəlir. Məsələ ondadır ki, daha əvvəl dini təhsil müəssisələri yaratmaq funksiyası QMİ-yə məxsus olub. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə mediaya açıqlamasında deyib ki, ölkədə bir dini təhsilin olması da yetərlidir. “Bakı İslam Universitetinin bağlanma səbəbi yeni institutun açılmasıdır. Çünki yeni açılan Azərbaycan İlahiyyat İnstitutu din xadimlərinin, ilahiyyatçıların yetişdirilməsinə olan ehtiyacı tam ödəyəcək. Ona görə də digərinə gərək yoxdur” deyə, deputat bildirib.
Bu dəyişikliklərə QMİ sədri Allahşükür Paşazadənin mövqeyi hələ ki yoxdur. Bir sıra ekspertlər Şeyxülislamın QMİ-nin səlahiyyətlərinin tədricən azaldılmasından məmnun qalmadığını iddia edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanması məsələsinə aydınlıq gətirib. M.Qurbanlı jurnalistlərə bildirib ki, Azərbaycanda din sahəsində kadr hazırlığı dövlət müstəqilliyinin bərpası dövrünə təsadüf edir: “O dövrdə bir neçə mədrəsə, o cümlədən Bakı İslam Universiteti yaradıldı. Azərbaycanda məscidlərin sayının artması ilə əlaqədar din sahəsində çalışan kadrlara ehtiyac olub və Bakı İslam Universiteti və mədrəsələr bu boşluğu doldurmaqda kifayət qədər fəaliyyət göstərib. Ancaq bilirsiniz ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və bizim ölkəmizdə yalnız İslama deyil, digər dinlərə aid kadrlar hazırlanmalıdır. Azərbaycan qanunvericiliyinə görə, ölkədə dini məbədlərdə çalışan şəxslər birincisi, Azərbaycan vətəndaşı olmalıdır, ikincisi isə həmin şəxslər təhsilini Azərbaycanda almalıdır. Buna görə də cənab prezidentimiz İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb və bu institut bu sahədə olan vəzifələri yerinə yetirəcək”.
M.Qurbanlı qeyd edib ki, İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlərə aid kadr hazırlığı həyata keçiriləcək: “Bu səbəbdən Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq Bakı İslam Universitetinə gələn ildən qəbulun dayandırılması barədə qərar verib. 2, 3 və 4-cü kursda təhsil alan tələbələr öz təhsillərini başa çatdırana qədər Bakı İslam Universiteti fəaliyyətini davam etdirəcək. Dövlət İmtahan Mərkəzi bu il Bakı İslam Universitetinə qəbul olunan tələbələrin ayrı-ayrı təhsil ocaqlarına bölüşdürülməsi istiqamətində tədbirlər həyata keçirib və bu tələbələrin bəziləri də İlahiyyat İnstitutuna gələcək”.
“Yeni Müsavat”