Qəti hücum planı

Qəti hücum planı backend

Bu plan Bakını işğaldan azad etməli idi

1918-ci ilin sentyabrın bu günü Bakıya qəti hücum protokolu artıq hazır idi. Bununla bağlı Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın 9-10 sentyabrda verdiyi əmrdə bildirilirdi.

1. Bakıya qəti hücum üçün hazırlıq aparılacaq və bu hazırlıq haqqında 11.09. 1918-ci il tarixində axşam saat 21-ə qədər mənə bildirəcəkdir.

2. İndiyə qədər Şərq cəbhəsi komandanlığı, əmrində olan 5-ci və 15-ci diviziyalarla cənub qrupu halında mənə tabe olacaqdır.

Həmin əmrdə digər qüvvələrin fəaliyyət istiqamətləri ilə yanaşı belə göstəriş də vardı. “Beşinci diviziyanın Hacı Həsən- Ermənikənd istiqamətində, 15-ci diviziyanın böyük bir hissəsi ilə Biləcəri –Ermənikənd istiqamətində, digər süvari və milislər Balaxanı – Sabunçu cəbhəsində Hövsandan Əhmədli və Keşlə üzərinə hücum edəcəklər. Azrbaycan qüvvələrinə aid zirehli qatar isə Heybət stansiyası yaxınlığında Volçi Varotadakı düşməni məşğul edəcək”.

Bəli, bu, Bakını işğaldan azad etməyin planı idi. Bu hərbi plan Bakını milli qüvvələrə qaytarmalı, onu Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevirməliydi. Nuru paşanın qüvvələri düşmənə ilk zərbəni iyunun 28-də endirmişdi.

İyulun 31-də ordu hissələri Nəvahiyə, axşamüstü isə Qurd Qapısına gəlib çatmışdılar. Bu hadisələrin şahidi olan tanınmış mühacir Məhəmməd Əli Rəsuloğlu öz xatirələrində yazırdı: “Türk ordusu qərargahına xəritə, plan yetişdirmək üçün Müsavat Partiyası bütün qüvvəsiylə çalışırdı. Şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatların sürətlə öyrənilməsinə heyrət edirdilər.”

Sentyabrın 13-də axşam Qafqaz İslam Ordusunun komandirinin “Sarıxaçlı kilsə istiqamətində irəli!“ - deyə orduya müraciət əmri veriləcəkdi. O vaxta cəmi bir gün qalırdı.

Diaspora