Son vaxtlar sosial şəbəkələrdə qarabağlıların ünvanına xoşagəlməz ifadələr işlədilir
Bu da təbii olaraq onların etirazına səbəb olub.Qaziler.az bildirir ki, "Ümid" Partiyasının sədri İqbal Ağazadə öz facebook səhifəsində qarabağlılara yönələn hücumları pisləyərək Azərbaycanı parçalalamamağa, birləşməyə çağırış edib:
"Son günlər bəzi statuslarda qarabağlıların ünvanına xoşagəlməz ifadələr işlədən profil sahiblərinə rast gəldim. Təəssüf edirəm ki, hələ də ümummilli problemə region prizmasından baxıb rayonlarımızın işğalında yerli sakinləri günahlandırmağa cəhd edənlər var. Unutmayın, ərazi bütövlüyümüz uğrunda şəhid olanların yarısından çoxu məhz işğal olunmuş rayonlarımızın sakinləri olub - yəni QARABAĞLILAR. Allah cəmi şəhidlərimizə rəhmət etsin.
Dostlar, vətənin o başı, bu başı olmaz. Astara da, Gədəbəy də, Qusar da, Qazax da, Balakən də, Laçın da AZƏRBAYCAN, bizlər hamımız isə onun övladlarıyıq. Bölünməməliyik - bütövləşməliyik, parçalanmamalıyıq - birləşməliyik, bir - birimizə qəzəb püskürməməliyik, sevgi ilə qucaq açmalıyıq. Bir anlıq təsəvvür edin ki, prezident fərman verərək rayonların birini ləğv edir, onun ərazisini bir neçə rayon arasında bölür. O rayon daha mövcud olmur. Demək, həm də "o rayonlu" olmayacaq. Rayonu dəyişən azərbaycanlılıqdan ki, çıxmır. Biz bütöv halda gözəlik - Qarabağı, Naxçıvanı, cənubu, şimalı, Mili, Muğanı, Şirvanı ilə. O cümlədən, türkü, talışı, ləzgisi, avarı, tatı, kürdü, ingiloyu, xınalığı ilə. Biz nədən ayrılmalı, nədən parçalanmalıyıq ki? Tövbə Cəmiyyətinin sədri Hacı Əbdül müsahibəsində 20 noyabr vertolyot hadisəsində Tamerlan Qarayevi günahlandırıb. Biz nə qədər erməni cinayətini öz adımıza yazacağıq? 20 yanvarı, Xocalını, digər faciələrimizi də bəlkə öz ayağımıza yazaq? Dostlar, Tamerlan Qarayev Azərbaycanı, Qarabağı sevən bir insandır. Bu sərsəm iddialar kimin ağlına gəlir, hardan qaynaqlanır, bunu ictimai müzakirəyə ötürənlərin məqsədi nədir? Kimlərsə çirkli bir oyunun içindədir. Hədəf Azərbaycandır, ayıq olaq."