Əflatun Amaşov: “Azərbaycan mediası yanğın hadisəsini obyektiv şəkildə cəmiyyətə çatdırdı”
“Azərbaycan mediası Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın hadisəsini obyektiv şəkildə cəmiyyətə çatdırdı. Lakin təəssüf ki, biz bəzi materiallarda ifadə olunan fikirlər üçün vətəndaş təəssübkeşliyinin sadəcə alət kimi qabardıldığının da şahidi olduq. Bu, peşəkarlıq sayıla bilməz. Ağrımız böyükdür. Ancaq acını paylaşmaq cəmiyyətdə təfriqə yaratmaq, yeni ziddiyyətlər meydanı açmaq, hansısa siyasi maraqları gerçəkləşdirmək niyyəti güdməməlidir”. Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.Ə.Amaşov bildirib ki, medianın yanğının baş vermə səbəblərinə xüsusi diqqət yetirməsi təbiidir: “Bu diqqət həssas olmalıdır ki, təqdimatlar peşəkar alınsın. Ortada bir görüntü var. O görüntüdə media kimlərisə birbaşa müqəssir kimi təqdim edir. Mövcud dəst-xəttin cəmiyyətin maraqlarına xidmət etdiyi qənaətində deyiləm. Nə də kimlərinsə hadisəni şərh edərkən səsləndirdiyi fikri qabardaraq sanki düşmən düzəltmək niyyətində ictimailik görürəm. Mediamız belə təqdimatlardan uzaq olmalıdır. Yenə də deyirəm, doğmalarını, yaxınlarını itirən insanlarımız var. Jurnalist material təqdim edərkən onların durumunu, reaksiyasının necə olacağını da düşünməlidir. Azərbaycan dövlətinin, şəxsən cənab prezident İlham Əliyevin məsələ ilə bağlı qətiyyətli mövqeyi ortadadır. Dövlət başçısının münasibəti həm böyük mənəvi dəstək, həm də hadisə barədə zəruri hüquqi ölçü götürüləcəyinə dair ən böyük təminatdır. Media indiki vəziyyətdə dövlət başçısının baş vermiş yanğın hadisəsi ilə bağlı səsləndirdiyi fikir və düşüncələrin əlaqədar qurumlar tərəfindən əməli müstəvidə yerinə yetirilməsinə ictimai nəzarət etməlidir”.
Mətbuat Şurasının sədri qeyd edib ki, hər bir media əməkdaşının münasibətində vətəndaş təəssübkeşliyinin olması vacibdir: “Toplumda birləşdirici rol oynayan hadisələr olur. Biz bəzən fərqinə varmırıq, ancaq elə dəyərlər var ki, onların hələ də yaşadığını görmək qürurvericidir. Bu, cəmiyyətimiz, bütövlükdə ölkəmiz üçün vacibdir. Bu mənada yanğının söndürülməsində, eləcə də insanların xilas edilməsində şücaət göstərmiş şəxslərin əməyinin qiymətləndirilməsi, mövcud istiqamətdə materialların hazırlanması son dərəcə əhəmiyyətlidir və bizlər bunun şahidi olduq”.