Statistika Komitəsi dövlət qulluqçularının sayı və onların əmək haqqı barədə məlumat yayıb.
Komitədən Axar.az-a verilən məlumata görə, 2015-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub və onların 28,5 faizini qadınlar təşkil edib.Dövlət qulluqçularının 3,8 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76,5 faizi 4-7-ci təsnifatları üzrə və 19,7 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.
Dövlət qulluqçularının 8,7 faizi 1 ilə qədər, 26,9 faizi 1 ildən 5 ilə qədər, 22,0 faizi 5 ildən 10 ilə qədər, 16,0 faizi 10 ildən 15 ilə qədər, 26,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Onların yaş qrupları üzrə bölgüsü belədir:
30 yaşa qədər olanlar 16,7 faiz, 30-34 yaşda 14,5 faiz, 35-44 yaşda 22,3 faiz, 45-54 yaşda 25,8 faiz, 55-62 yaşda 16,9 faiz, 63 və yuxarı yaşda olanlar isə dövlət qulluqçularının ümumi sayının 3,8 faizini təşkil edib.
4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 10,7 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,5 faizini baş məsləhətçilər, 4,7 faizini böyük məsləhətçilər, 12,7 faizini aparıcı məsləhətçilər və 20,7 faizini məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,6 faiz komplektləşdirilib.
Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2014-cü ildə 617,6 manat təşkil edib.