Nobel prospekti açılır

Nobel prospekti açılır backend

700 metrlik hissədə son tamamlanma işləri görülür.

A.Nobel prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan və təmir olunan təqribən 700 metrlik hissədə son tamamlanma işləri görülür. ANS PRESS-in məlumatına görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunub.

Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.Yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib.

Hazırda kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilir.

Sözügedən ərazidə yol cizgilərinin, yol göstərici xətlərinin və piyada keçidlərinin xətlənməsi, yol ayrıcı zolaqlarda yaşıllaşdırma işləri həyata keçirilir. Bütün bu işlərin axşam saatlarında tam olaraq yekunlaşdırılması planlaşdırılır. Bundan sonra nəqliyyat vasitələrinin hərəkəti burda tam bərpa olunacaq.

Xatırladaq ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Diaspora