Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, ƏƏSMN-də həyat səviyyəsinin təhlili və aktuar hesablamalar sahəsində aparılan işlər nəzərdən keçirilib.
Səlim Müslümov: “Proqnoza əsasən 2025-ci ildə doğulanların sayının 205300 nəfərə çatacağı,əhalinin sayının 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir”Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı”nın növbəti iclası keçirilib. İclas həyat səviyyəsinin təhlili və aktuar hesablamalar, habelə Türkiyənin sədrlik etdiyi G20 iştirakçı-ölkələrinin Məşğulluq üzrə İşçi qrupu çərçivəsində keçirilən toplantılarda iştirakın təmin olunması sahəsində görülən işlərə həsr edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda həyat səviyyəsinin yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupların sosial müdafiəsi məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələrini vurğulayıb. S.Müslümov bildirib ki, nazirliyin fəaliyyət istiqamətlərindən biri kimi, əhalinin həyat səviyyəsi və qabaqcıl dünya təcrübəsi öyrənilməklə, ümumiləşmiş obyektiv məlumatlar, sosial-iqtisadi sahə ilə bağlı statistik göstəricilər əsasında təhlillər və aktuar hesablamalar, tədqiqatlar aparılır, sosial sahə ilə bağlı islahatlar kursunun, hüquqi-normativ bazanın təkmilləşdirilməsi üçün səmərəli təkliflər, büdcə və aktuar proqnozlar hazırlanır: “Məsələn, əmək bazarı ilə bağlı beynəlxalq göstəricilər əsasında aparılan təhlillər göstərir ki, hələ 2010-cü ildə Azərbaycanda məşğulluq səviyyəsi 61,2 faiz olmaqla Rusiyadakı 57,9 faiz, Türkiyədəki 43 faiz, Avropa Birliyinin üzvü olan Bolqarıstandakı 59,7 faiz, Latviyadakı 59,3 faiz və s. ölkələrdəki müvafiq göstəriciləri üstələyib. Sonrakı illərdə ölkəmizdə bu göstərici daha da yüksəlmiş, halbuki digər dövlətlər haqqında bunu demək olmaz”.
Nazir ölkəmizdəki işsizlik səviyyəsinin 4,9 faiz olmaqla, Avropa məkanındakı 11,5 faizlik, Avropa Birliyindəki 10 faizlik göstəricidən aşağı olduğunu qeyd edib: “Demoqrafik göstəricilər əsasında aparılan təhlillər isə ölkəmizin əhalisinin 2005-2015-ci ilə olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Verilmiş statistik məlumatlar əsasında aparılmış proqnoza əsasən 2025-ci ildə doğulanların sayının 205300 nəfərə (təbii artım 1,34 faiz sabit qalmaqla) çatacağı, əhalinin sayının 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir”. Nazir bununla belə doğulan uşaqların sayında gender disbalansının mövcud olduğunu, 2014-cü ildə ölkəmizdə doğulanların 53,6 faizini oğlanların, 46,4 faizini qız uşaqları təşkil etdiyini, bu disbalansın da orta perspektivdə əmək bazarına və sosial sferaya təsirinin araşdırılaraq qiymətləndirildiyini və müvafiq təkliflər hazırlandığını diqqətə çatdırıb. S.Müslümov bildirib ki, məşğulluq səviyyəsinin və ümumən rifah göstəricilərinin yüksəlməsi əhalinin sayının getdikcə artması şəraitində ünvanlı dövlət sosial yardımı alanların sayının azalması ilə müşahidə olunur. Əgər 2008-ci ildə ölkədə bu yardımı alan ailələrin sayı 160 mindən yuxarı idisə, 2014-cü ilin sonunda bu rəqəm 92,5 minədək azalıb”.
Daha sonra iclasda müzakirə olunan digər məsələyə toxunan S.Müslümov bildirib ki, Türkiyənin dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupunun zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak edir: “Qardaş ölkənin G20-yə sədrliyi dövründə iqtisadi inkişafın məşğulluğun artmasına təsirinin gücləndirilməsi, əmək bazarında iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. kimi məsələlər də prioritet elan olunub. G20 iştirakçı-ölkələrin Məşğuluq üzrə İşçi qrupunun iclaslarında ƏƏSMN-nin əməkdaşları da iştirak edir. Bu da təbii ki, həmin tədbirlər çərçivəsində məşğulluğun artırılması və bu sahədə mövcud olan problemlərin həlli yolları ilə bağlı iştirakçı ölkələr arasında məlumat və təcrübə mübadilələrinin aparılmasında xüsusi önəm kəsb edir”.
İclasda ƏƏSMN-nin Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadənin, Məşğulluq siyasəti şöbəsinin müdir müavini Rəna Abdullayevanın müvafiq sahələrdə görülən işlərə dair məlumatları dinlənilib və cari məsələlərə dair müzakirələr aparılıb.