APA-ya görə danlandımmı?

APA-ya görə danlandımmı? backend

Azərbaycanın ən tanınmış media qurumlarından biri olan APA Holdingin fəaliyyətini qəfil dayandırması bir sıra qrupların və şəxslərin ictimai rəylə manipulyasiya etməsinə imkan yaradıb.

Şəxsən mənin tanıdığım, peşəkarlığına və dövlətə sədaqətinə bələd olduğum onlarla jurnalistin uğurla işlədiyi bu qurum hər birimiz, o cümlədən mənim üçün doğma bir yerdir. Təbii ki, onun bağlanması şəxsən məni də narahat edir və buna münasibətimi elə ilk gündən bildirmişəm. Amma anlaşılan budur ki, belə açıq fikirliliyim bir çoxlarının barəmdə şayiə yaymasına, haqqımda yanlış rəy formalaşdırmaq üçün fürsət qazanmasına əlavə şans yaradıb. Ona görə də mövzuya bir qədər geniş toxunmağı zəruri sanıram.

Mövqeyimi bilməyənlər üçün təkrar demək istərdim ki, APA-nın qapanması xoş bir hadisə deyil. Nə üçün qapanmasına gəlincə, bununla bağlı konkret mövqe olmadığı üçün biz də sadəcə təəssüfümüzü ifadə etməklə yetinməli oluruq. Düzdür, deyilir ki, Prezident İlham Əliyevin çıxışını təhrif etdiyi üçün qapadılıb. Amma bunun rəsmi təsdiqi – APA rəhbərliyi tərəfindən də – olmadığı üçün üzərində dayana bilmirik. Hadisə baş verib, Prezidentin çıxışı azacıq təhrif edilib, dərhal da düzəldilib. Hətta dünən sosial mediada o yanlışa yol vermiş həmkarımız Ramiz Mikayıloğlunun (yeri gəlmişkən, bu həmkarımız olduqca peşəkar və dövlətə sadiq birisidir. Şəxsən tanıyıram və qəti əminliyim var bu məsələdə) yetərincə geniş və ağlabatan izahını da oxumuşam. Yəni dəhşətli bir şey olmayıb əslində. Sadəcə hər zamankı Eynulla Fətullayev stəkanda fırtına yaratmağa cəhd edib, ictimai rəy də informasiyasızlıq üzündən ona möhtac qalıb.

Bunları bir kənara qoyub bəzi başqa məqamlara da aydınlıq gətirmək istərdim. Ağlı topuğunda olan bəzi şəxslər iddia edir ki, guya mən APA məsələsinə görə danlanmışam. Özü də yüksək səviyyədə. Guya APA-nın bağlanmasına təəssüf hissimi ifadə etməyim ölkənin az qala lap zirvəsində bəyənilməyib, buna sərt reaksiya verilib.

Belədirmi?

Təbii ki, belə deyil! Olması da mümkün deyil. Çünki mən harda nə deyəcəyini yaxşı bilən birisiyəm. Digər tərəfdən APA-nın bağlanmasından təəssüflənən tək şəxs də deyiləm. Heç şübhə etmirəm ki, bu qurumun bağlanmasından orda işləyən yüzlərlə media işçisilə bərabər onların yaxınları, bizim kimi həmkarları, eləcə də APA-dan daimi informasiya alan çoxsaylı oxucu, tamaşaçı və dinləyicilər də təəssüflənir. Əslində, demokratik və açıq cəmiyyət üçün normal bir haldır bu. Yəni fərqli kəsimlərdəki insanların eyni bir məsələdə birləşməsi, yaxud sadəcə fikir bildirməsi Azərbaycanda fikir plüralizminin oturuşmasının daha bir bariz örnəyidir.

Bu da öz yerində.

Təkrar izah etmək istərdim ki, APA-yla bağlı mövqeyimə görə bu günə kimi heç kimsədən hansısa irad və ya buna işarət eşitməmişəm, görməmişəm. Bunu heç gözləmirəm də. Çünki mənim mövqeyimdə irad üçün hansısa əsas da yoxdur: APA kimi bir qurumun bağlanmasına bir jurnalist – Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olaraq münasibət bildirməyim, narahatlıq ifadə etməyim ən normal və gərəkli yanaşmadır.

Bir də APA-nın niyə və kim tərəfindən bitirilməsi yönündə yanıltıcı manipulyasiyalar edilir. Bunları da izləyirik, görürük və bir daha bu qənaətə gəlirik ki, hakimiyyətin içində ikitirəlik yaratmaq istəyənlər heç usanmadan çalışırlar. Özü də bu adamlar qəribə bir tandemi əməlli-başlı ayaqda tuturlar: baxırsan, sıralarında hakimiyyətin öz içindən uzantılar, müxalifətçilər və hətta “reket” dediyimiz jurnalistlər də var. Heyrət yəni! Bu adamlar bu tərkibdə şəxsən cənab Prezidentə qarşı birləşiblər! Məni də hədəfə almaları bu amillə bağlıdır: APA məsələsinə ictimai rəyin önündə olan şəxslərin demək olar ki, əksəriyyəti susqun qaldı. Ən çox gözə görünən mən oldum, təhlükəni anladığım üçün səsimi ucaltdım. Bunlar da dövriyyəyə şayiə buraxdılar ki, guya buna görə danlandım. Bu bədbəxtlər hələ də bilmir ki, mən nəinki indi, ümumiyyətlə heç bir zaman özünü danladacaq adam olmadım, olmaram da!

APA-nın sonrakı taleyinə gəlincə, heç kim narahat olmasın. Çox keçməz, xoş xəbər eşidərsiniz. Ordakı jurnalist həmkarlarımız bu vaxta kimi olduğu kimi bundan sonra da eyni həvəslə Azərbaycan dövlətinin informasiya siyasətinin gerçəkləşməsində ön sıralarda addımlamağa davam edəcəklər.

Sözardı: Bəzən olaylara gec münasibət bildirirəm, yaxud da heç bildirmirəm. Sadəcə bir səbəbdən: 25 ildə ilk dəfədir ki, özümə məzuniyyət vermişəm və ayın sonuna kimi dincəlməyi düşünürəm. Gündəmi izləyirəm, ara-sıra müsahibələr də verirəm. Amma intensiv işləmirəm. Sentyabrda Bakıya dönüb qaldığım yerdən işlərimə davam edəcəm.
Diaspora