Azər Həsrət: “Uzun illərin peşəkarlarını ucdantutma ixtisar etmək doğru deyil”
İctimai Televiziyada (İTV) kütləvi ixtisarlar başlayıb. Artıq yüzdən çox jurnalist və televiziya mütəxəssisi kanaldan uzaqlaşdırılıb. İTV-nin sabiq baş direktoru Cəmil Quliyevin yerinə təyin olunan Balakişi Qasımovun gəlişindən sonra kanalda bir müddət durğunluq olub. Bu günlərdə isə yarandığı vaxtdan kanalda çalışan 120 jurnalist və televiziya mütəxəssisi (Peşəkarlığına və çalışqanlığına baxmayaraq) ucdantutma ixtisarlar başlayıb. Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ edən ciddi verilişlər bağlanıb. İctimai radioda aparılan ixtisarlardan sonra milli deyil, Amerika, Avropa musiqisi adamın beynini və qulağını yormağa başlayıb.Çox maraqlıdır ki, ixtisarlar, “yeniliklər” ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın adıyla edilir. Guya, baş verənlər M.Əliyevanın təşəbbüsü və təklifi ilə edilir. Kanaldan QAZİLER.AZ-a daxil olan məlumata görə, hətta ağır maliyyə durumu olan jurnalistlər belə nəzərə alınmayıb. Kredit borclarının olduğunu bildirən bir-neçə jurnalist borcları bağlanan qədər 3-4 ay işləmək üçün möhlət istəyiblər. Amma onlara rədd cavabı verilib.
Reytinq.az saytının yazdığına görə, kollektivdə böyük nüfuza malik olan Rauf Rəcəbov da vəzifədən kənarlaşdırılıb.
Ən diqqətçəkən hallardan biri isə kanalın rəhbərliyinə gətirilən şəxslərin - əsasən də gənclərin - toplantılarda, koridorlarda, öz aralarında rusca danışmalarıdır.
“Kanalda şalvarlarının dizi cırıq, qulağı sırğalı şəxslər daha çox görünməyə başlayıb. Muğam və milli musiqinin efirdən yığışdırılmasına və ya azaldılmasına etiraz edənlərə isə absurd cavablar verirlər.” -, deyə kanaldan kənarlaşdırılan əməkdaş bildirib.
Çox maraqlıdır, M.Əliyeva Azərbaycanda milli musiqinin müdafiəçisi, təbliğatçısı olduğu halda kanaldan belə layihələrin yığışdırlmasını niyə istəsin?
Sayta daxil olan məlumata görə, İmran Bədirxanlı, İmir Məmmədli, Kamil Məhərrəmoğlu və digər istedadlı və bacarıqlı jurnalistlər kanaldan uzaqlaşdırılıb. Əldə etdiyimiz məlumata görə, kanalda 220 nəfər uzaqlaşdırılacaq. Amma hələlik 120 nəfərlə yollarını ayırıblar.

QAZİLER.AZ saytı məsələ ilə bağlı tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurasının və İTV-nin Yayım Şurasının üzvü Azər Həsrətlə əlaqə saxlayıb. A.Həsrət hazırda rayonda olduğunu və ictimai televiziyada baş verənlərdən xəbərsiz olduğunu deyib: “Hazırda rayondayam, kanalda baş verənlərdən tam məlumatlı deyiləm. Yəqin ki, yay məzuniyyətindən sonra yayım şurasında bu məsələlər müzakirə olunacaq. Mənə verilən bəzi məlumatlardan bəlli olur ki, kütləvi ixtisarlar var. Düşünürəm ki, uzun illərin peşəkarlarını ucdantutma ixtisar etmək doğru deyil”.
QAZİLER.AZ