“Məqsədiniz nədir?” - növbəti açıqlama APA-nın baş direktorundan gəldi

“Məqsədiniz nədir?” - növbəti açıqlama APA-nın baş direktorundan gəldi backend

Gözlənilmədən, heç bir ciddi və inandırıcı səbəb göstərilmədən fəaliyyəti dayandırılan APA Holdinqə daxil olan APA informasiya agentliyinin baş direktoru Nurşən Quliyev də öz feyzbuk səhifəsində məsləylə bağlı fikirlərini yazıb. QAZİLER.AZ saytı N.Quliyevin yazdıqlarını təqdim edir:



- "APA-Holding" fəaliyyətini dayandırandan sonra hamı səbəb axtarışına çıxmışdı. Dövlət başçısının çıxışının işıqlandırılması zamanı APA-nın yol verdiyi yanlışlıqdan sonra "APA-Holding"in rəhbərliyi saytlara girişin bloklanmasının araşdırma məqsədilə şirkətin özü tərəfindən edildiyini bildirsə də, məlum "araşdırma" konkret hakimiyyəti hədəf halına gətirdi.

Vüsalə Mahırqızı saytlara girişin şirkət tərəfindən müvəqqəti bloklandığını, araşdırma aparıldığını deyir, "araşdırmaçı" israrla bildirir ki, "APA Holding" başqa səbəbdən bağlanıb. Belə görünür ki, APA-da prezidentin nitqində texniki yanlışlığa yol verilməsini fürsət bilənlər şirkət haqqında "kompromat" axtarışını sürətləndirməyə start veriblər. Və "çox ciddi" səbəblər "kəşf ediblər".

Bu səbəblərdən biri "APA-Holding"in əməkdaşı olmuş Şahin Cəfərlinin sosial şəbəkələrdə yazdığı statuslardı. Şahin Cəfərli Azərbaycan mətbuatının tanınmış simalarındandır, ölkədə və dünyada baş verən hadisələrlə bağlı mütəmadi fikirlərini bölüşür. Bu fikirlər Azərbaycan mətbuatında da, televiziyalarda da işıqlandırılır (Qeyd: APA indiyə kimi Şahin Cəfərlinin hansısa məsələ ilə bağlı açıqlamalarına yer verməyib). Fikirlərini və düşüncələrini açıq şəkildə bildirən Şahin Cəfərlinin "Facebook" səhifəsində bu gün də açıq olan statuslarını "tam məxfi" qrifi ilə, "screen shot" eləyib "ifşa eləmək" kimi sırımaq hansı ağılın məhsuludur? Şahin Cəfərli bəyəm o statusları yazıb, sonradan silib ki, onları yeni "kəşf" kimi təqdim edirsiniz? İkincisi, bir halda ki, şəxsin düşüncələri, paylaşımları çalışdığı yerdə, konkret halda Şahin Cəfərlinin hər hansı məsələ ilə bağlı mövqeyi işlədiyi müddətdə APA-da işıqlandırılmayıbsa, APA-nın fəaliyyətində özünü göstərməyibsə, bu "kəşfiniz" çürük qoz dəyərində belə deyil.

Gələk Fuad Qulubəyli məsələsinə. Vüsalə xanımın da yazdığı kimi, Fuad Qulubəyli APA-nıni rəsmi işçisi olmayıb, agentliklə əməkdaşlıq edib. Bu əməkdaşlığa da bir ildən çoxdur, son qoyulub. Bununla belə, APA-nın fəaliyyətini zərrəbinlə təftiş edənlər bilməmiş deyillər ki, əsasən AŞPA-nın sessiyalarını işıqlandıran Fuad Qulubəyinin hazırladığı məlumatlarda ancaq və ancaq Azərbaycan dövlətinin mənafeyi, Azərbaycan hakimiyyətini yürütdüyü siyasət əsas götürülüb. Açın, baxın. APA-nın AŞPA sessiyalarından verdiyi məlumatların hansında prezidentin, hakimiyyətin yürütdüyü siyasətə zidd nəsə görürsünüz? Azca vicdanınız varsa, AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdan soruşun APA-nın AŞPA sessiyalarında fəaliyyəti barədə. İllərdir, Fransada yaşayan Fuad Qulubəylinin hansısa müxalif fikirli şəxslə yemək stolu arxasında çəkilmiş fotosunu paylaşıb, "Amerka kəşf etməyinizə" milləti güldürməyin.

"APA-Holding" haqqında aparılmış dərin araşdırmalardan əlinizə keçən "faktlar" niyyətinizin nə qədər aydın olduğunu göstərir. Heç olmasa belə açıq oynamayın. Tutalım, əsaslı hesab elədiyi bu faktları ortaya çıxardığını düşünür məlum "araşdırmaçı". Adını qeyd elədiyiniz 2 nəfərə görə, 200-ə yaxın əməkdaşı olan şirkətin bağlanmasına haqq qazandırmağa çalışmaq, 2 nəfərə görə 200 nəfərə qarşı bu addımın atılmasına bəraət sərgiləməyə cəhd göstərmək nə deməkdir? Şirkətin rəhbəri "saytlara girişi araşdırma aparmaq üçün özümüz bağlamışıq" deyir, siz ciddi cəhdlə bunun məsuliyyətini hakimiyyətin, iqtidarın üstünə qoymaq istəyirsiniz? Məqsədiniz nədir?”


Diaspora