Şəhid anası :“25 ildir oğlumun qəbrini ziyarət etmirəm, bundan böyük dərdmi-problemmi olar?”
Məlum Qarabağ müharibəsindən, Ermənistan və onun havadarlarının silahlı birləşmələrinin işğalından sonra soydaşlarımız yurdlarından didərgin düşərək respublikanın müxtəlif guşələrinə səpələndilər. Bir qisim köçkünlər pansionatlarda, istirahət evlərində, sanatoriyalarda məskunlaşmaq məcburiyyətində qaldılar. O sanatoriyalardan biri də “Abşeron” oldu.“Abşeron” mədə-bağırsaq sanatoriyası Bakı şəhərindən 35 km aralıda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir. Sanatoriya keçmiş Sovet İttifaqında məşhur müalicə ocaqlarından biri olub. Bura ötən əsrin 70-ci illərində- SSRİ-nin müxtəlif respublikalarından insanlar gələrək şəfa tapıblar.

Hazırda sanatoriyanın 1-ci, 3-cü, 4-cü korpusları fəaliyyətini davam etdirməkdədir.Digər 5-6-7 saylı korpuslarda isə köçkünlər yaşayır. Əgər buna yaşamaq deyilərsə...
5-ci korpusda ilk qapısını döydüyüm otaqdan təxminən 80 yaşlarında bir ana çıxdı. Diqqətlə bir xeyli baxandan sonra ilk soruşduğu cümlə bu oldu:” Sizi Ağdam icra hakimiyyətindən göndəriblər?”

Başımla “yox” işarəsi verəndən sonra o yaşlı ananın sanki dərdi tərpəndi:” 25 ildi burda məskunlaşmışıq. Halımıza yanacaq, qayğımıza qalacaq bir nəfərdə olsun səlahiyyət sahibi gəlib bizimlə maraqlanmayıb. Hansı problemlərlə əlləşirik, hansı əziyyəti yaşayırıq bilmirlər. Nəhayət, ötən ay Ağdam icra hakimiyyətinin başçısı Raqub Allahverdiyev burda yaşayan köçkünləri qəbul etdi. Məndə xahiş etdim ki, evimə su çəkilməyib, uzun illərdi suyu vedrələrdə xeyli uzaqdan gətiririk. İndi day qocalmışam, vedrə götürməyə də hünərim-taqətim qalmayıb.

Xahiş edirəm bizim binanın qarşısına bir bulaq tikdirin, hamının suya olan ehtiyacı ödənsin. İcra başçısı binamızda indiyə qədər su olmadığına elə təəccübləndi ki, camaatın yanında elə qətiyyətlə söz verdi ki, əmin olduq ki, hec bir saat kecməyəcək, inşallah sevinəcəyik. “Bulaq mütləq tikiləcək, 24 saat suyunuz da olacaq” . Aradan xeyli vaxt keçməsinə baxmayaraq nə bulaqdan bir xəbər çıxdı, nə də Raub müəllimdən. Yox , bu günlərdə xəbər aldıq ki Raqub müəllim işindən çıxarılıb. Su dərdimiz də elə “suya düşdü”.Yay gəlib, su dərdimiz yenə çəkilməz olub”.

İlk həmsöhbətimiz, Ağdam rayonunun Abdal kəndindən köçkün düşmüş Nübar Xudiyeva bildirdi ki, münaqişə başlayan gündən 3 övladı- Ramiz, Nizami, Xudu
döyüşə atıldı:” Mən onların qoçaqlığı, döyüşkənliyi haqqında heç nə demirəm , qoy bu haqda onların silahdaşları danışsın. Amma bu amansız müharibə kiçik oğlum Xudunu məndən aldı.O dayısı oğluAydın Allahverdiyevlə birgə qəhrəmancasına şəhid oldu.
Haşiyə- Xudu Mustafa oğlu Xuduyev- 1967-ci ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. 1992-ci il avqustun 8-də Əsgəran rayonunun Dəhraz kəndi uğrunda gedən döyüşdə həlak olub. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Uzun illərdi, müharibə veteranları olan oğlanlarımla bu binada məskunlaşmışıq. Bizim binanın şəraitsizliyini öz gözlərinizlə görmək istəyirsinizsə , gəlin mənimlə”.
Nubar ananın sözünü yerə salmadıq. O, 3 mərtəbəli bu korpusu ev-ev bizə göstərməyə çalışdı.

Bina sakini Şuşa şəhərindən olan Xəzangül Mürsəlova ankoloji xəstəliyə düçar olduğunu deyir;” 3 övlad anasıyam.Özümdə xəstə, övladlarımda. Bu antisanitariya şəraitində onsuz da burda sağlam adam tapmaq olmaz , amma uşaqlar daha tez xəstəliklərə tutulur. Böyük oğlumda bronxit asma, ortancılda böyrək çatışmamazlığı var. Onları aparmadığım xəstəxana, göstərmədiyim həkim qalmadı. Müalicə olunurdu, bir azacıq vəziyyəti yaxşılaşanda həkim israrla tapşırırdı ki, uşağı o rütubətli yerdən çıxarın. Hara gedəydim, kimin evinə sığınmaq olar ki?

Ortancıl oğlumu xeyirxah insanların sayəsində cərrahiyyə əməliyyatı etdirdik , sıradan çıxmış böyrəyinin birini cıxartdırdıq, indi vəziyyəti azacıq yaxşılaşıb. Amma böyük oğlumu ölümün əlindən ala bilmədik. Yuxuda ikən xəstəliyi tutub. Elə yatdığı yerdə də keçinmişdi. Uzun müddət özümə gələ bilmədim. İndi də balaca oğlumun hayına qalmışıq, oda son vaxtlar dəhşətli baş ağrılarından şikayət edir. Bir dəfə həkim dedi ki, beyninə mikrob keçmiş ola bilər. Günü-gündən irəliləyən, ağırlaşan xəstəliyim heç gözümə görünmür. Ancaq balalarımın aqibətini düşünürəm. (Ağlayır)
Söhbətə İradə Abdullayeva da qoşulur. Əvvəlcə o Ağdam rayonunun Abdal kəndindən köçkün düşdüyünü, hazır ki, fəsildə kəndlərinin əsrarəngiz bir gözəlliyə büründüyünü söyləyir; “Yəqin mənim kimi hamıya elə gəlirki, onun doğulduğu yer dünyanın ən əziz, ən gözəl hissəsidir.

Abdal-Gülablı da sözün həqiqi mənasında təkrarolunmaz bir kənd idi. Uşaqlığım Xanım bulağın, Damcı bulaqın, Bəy bulağın, Qoşa qayanın, Haça dağın üstündə keçib. O vaxt kəndin uşaqlarına qoşulub yamaclara-dağlara gül-çiçək, kəklikotu yığmağa qalxardıq, meşələrdən göbələk, çiyələk, meşə armudu toplamağa gedərdik. Heyf o günlərdən, heyf o yerlərdən...

25 ildən çoxdur adi hamam-tualeti olmayan bu binada məcburən yaşayırıq. Hamam-tualet var, amma adamın “var” deməyə də dili gəlmir.Yuxarıdan-3-cü mərtəbədən axan kanalizasiya suları qırıq borulardan hamam dediyimiz ucuq-sökük yerə axır. Çətir götürməsək, hamama yaxud tualetə girmək mümkün olmaz.Binanın bütün divarları nəmişlikdən oyulub –tökülür. Mərtəbələri birləşdirən pilləkanların sınıq-salxaqlığı ucbatından burada tez-tez qəzalar qaçılmaz olur.
Ağdam şəhərindən köçkün düşmüş Vəsilə Nərimanova 14 yaşlı qız övladının bu pilləkanlardan yıxılaraq şikəst olduğunu bildirdi:”Bizim otaqla tualetin arası xeyli yoldu. Fidan axşam saatlarında pilləkanlarla düşəndə yıxılıb.

Hər iki ayağı qırılıb. Hazırda ayaqları gipsdədir.1 aydan da çoxdur ki arxası üstə çarpayıaya məhkumdu. Fidan həm də serebral iflic xəstəsi olduğu üçün onun bu qədər ağrı-acıya dözməsi bir ana kimi məni yandırır”.
Qəşəng Məmmədova Şuşadandı. Burada 3-cü-sonuncu mərtəbədə1 otağı var.İstədik bu bir otaqda necə yaşayırsınız,deyə soruşaq, soruşmadıq. Cünki yağış sularının divar boyu qoyduğu ləkələri, tavanın, otağın nəmişliyi, havası, qoxusu artıq nəsə soruşmağa lüzum qoymadı.

Qəşəng xala yəqin ki, sual dolu baxışlarımızı hiss etdi, elə oturduğu yerdən asta-asta, bəlkə də çoxdan ürəyinə yığılmış sözlərini deməyə başladı:” Əslində mən çoxdan - oğlum Eldəniz Məmməd oğlu Məmmədov şəhid olduğu gündən ölmüşəm. İndi bu şəraitsizlikdə, antisanitariyada, binanı başına götürən müxtəlif həşəratların icində yaşadım, ya da, hec yaşamadım. Mənim üçün fərqi yoxdu. Məni yandırıb –yaxan başqa bir dərddi, başqa bir acıdı. Bir ananın 19 yaşlı igid, qeyrətli, yaraşıqlı balası torpağın altında uyuya, ana 25 ildə bir dəfə onun məzarı üstə gedə bilməyə...Bu dərdimdən ötə, bu acımdan böyük dərdim, problemim yoxdu...”

5-ci korpusdan çıxıb, 6-cıya üz tuturuq. Aradakı xeyli məsafəni piyada qət etməli oluruq. Yol gedə-gedə gördüyümüz mənzərələr adamın ürəyini sıxır.Torpaq yolun kənarları yəqin ki, Xəzər rayonu icra hakimiyyətinin gözünə –nəzərlərinə heç vaxt tuş gəlməyib. Ərazi yenicə müharibədən çıxmış şəhərlərin qalıqlarını xatırladır. Xaraba binalar, yandırılmış quru otlu sahə, hardansa qalaq-qalaq, maşın-maşın gətirilib tökülmüş köhnə evlərin daş-çınqılı. Zibil tayaları, heyvan leşləri... İlanlar mələşən bu əraziyə yaxınlaşmaq belə cəsur ürək istəyir. Korpusa yaxınlaşanda təxminən 70 yaşlı bir köçkünlə rastlaşırıq.Ağdam şəhərindən pənah gətirmiş Famil Məmmədovla söhbətimiz onun xəbərdarlığı ilə başladı:”Qızım ehtiyatlı ol, buralar ilanla doludu.Bu vaxtlar olanda isə istidən adamlara da hücum edirlər. Addımını atanda ayağının altına bax”.

“Bəs, belə yerdə necə yaşayırsınız, qorxmursunuz?”-sualıma qəhərlənə-qəhərlənə ancaq bunları deyə bildi:
Düz 25 ildi burda məskunlaşmışıq. Hər dəqiqəmiz ölümdü. Bina -6-cı korpus çökmək üzrədi. Sökük-sökük, parça-parçadı. O parçaların arasıda doludu ilan-çayanla...Neyniyək, hara gedək. dərdimizi kimə deyək.Qaçqınkoma? Sizcə. binada məskunlaşmış 70 ailə bu 25 ildə neçə dəfə ora müraciət edib? Yəqin ki, sayını itiriblər. çarə qılan, köməyimizə çatan yoxdu...

Famil əmidən ayrılıb korpusa yaxınlaşıram.Binadan kələn kəsif rütubət qoxusu adamın başını gicəlləndirir. Həyətdə təxminən 20-dən çox qadın var. Hardansa xəbər tutmuşdular ki, binaya jurnalist gələcək və onlar da uzun illərdi ürəklərinə yığılmış giley-güzarı, şikayəti sadalamağa fürsət tapacaqlar. Əvvəlcə, 4 mərtəbəli binanın birinci mərtəbəsini sakinlərlə gəzirik.

Ağdamlı Cəmilə Qarayeva 25 ildə əlaqədar orqan nümayəndələrinin heç birini burada görmədiklərini deyir:” Gəlməkləri özlərinə qalsın, heç olmasa, qəbullarına düşə bilmirik ki, dərdimizi deyək”. Cəbrayıl rayonu Minbaşılı kəndindən olan Məhəbbət Xankişiyeva isə yayda ərazidə su olmadığını, 70 ailənin yalnız həyətdə kişik bir kranta möhtac olduğunu deyir: “Əslində hec biz bilmirik ki, içdiyimiz su içməlidi, yaxud texniki sudur. Caya da, yeməyə də, paltar-palaz yumağa da, çimməyə də, tualetə də həmin sudan istifadə edirik. Bəlkədə elə ona görə də, bu binada xəstəlik baş alıb gedir.

Digər yandan da bu ərazidə nə qədər sahibsiz it var, bu, binada kök salıblar. Burda gecələyirlər. Burda doğub-törəyirlər. Dəfələrlə itlər bina sakinlərinə, xüsusəndə aşaqlara hücum ediblər. Şükür ki, sakinlərin vaxtında müdaxiləsi sayəsində faciə yaşanmadı. Amma bu o demək deyil ki, sabah o faciə bir də baş verməz”.
Məmmədova Gülnaz (Ağdam) öz yaşadığı otağı göstərərək söylədi ki, baxmayaraq ki, biz 1-ci mərtəbədə məskunlaşmışıq, amma hər dəfə yağış yağanda yağış suları 4 mərtəbəni keçib, bizim evimizə qədər axıb gəlir:” Odur ki, evimiz bütün fəsillərdə rütubət və nəmişlikdən yaşanmaz hala gəlir. Amma nə edək, hara gedək, kimin evinə pənah aparaq?

O səbəbdən məcburuq elə burda çürüyək. Burda ümumiyyətlə, elə bir ev tapa bilməzsiniz ki, onun tavanından-divarlarından sellər-sular axmasın”. Məmmədova Aynur (Ağdam) isə bu binanın da köçkün yaşayan hər bir yataqxana, pansionat və sanatoriyalar kimi kanalizasiya sistemi bərbad vəziyyətdə olduğunu vurğuladı:” Bütün kanalizasiya zirzəmiyə axır və oradanda daşıb həyətə , binanın ətrafına yayılır. O üzdən də hələ binaya çatmamış üfunət qoxusu adamın nəfəsini kəsir. Kaş ki, əlaqədar qurumların nümayəndələri , çox demirəm, heç olmasa 2 saat bizim binanın həyətində dura biləydi. O zaman uzun illərdi burda nələr çəkdiyimizi anlayardılar.

Müxtəlif köçkün rayonlardan bu binaya pənah gətirmiş didərginlər: Nərgiz Hüseynova, Nəzakət Rüstəmova, Gülşən Məmmədova, Məhluqə Həsənova, Ruhiyyə Əliyeva və başqaları onları narahat edən digər problemlərdən söhbət açaraq bildirdilər ki, tezliklə dövlət başçısı cənab İlham Əliyevin onların bu durumundan xəbər tutacağına, ona səs verən, dəstəkləyən vətəndaşların qayğısına qalacağına ümid edirlər.
Əntiqə Rəşid