Fiziki imkanları məhdud 2 rəssamımızın “bir millət, iki dövlət” adlı sərgisi keçirilib

Fiziki imkanları məhdud 2 rəssamımızın “bir millət, iki dövlət” adlı sərgisi keçirilib backend

Antalyada fiziki imkanları məhdud 2 rəssamımızın “bir millət, iki dövlət” adlı sərgisi keçirilib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyi, Antalya Qəzeteçilər Cəmiyyəti, Antalya Türk Ocakları "AzəriMed", "Veysəloğlu" şirkətlərinin, "Lider Logistik"in dəstəyi ilə Antalyada fiziki imkanları məhdud olan iki gənc istedadlı rəssam Ramil Əhmədov və Behbud Cəfərquliyevin sərgisini təşkil ediblər. Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü ilə bağlı təşkil edilmiş və bələdiyyə başqanları, QHT və KİV rəhbərlərinin, təşkilat sədrlərinin, aydınların və çoxlu sayda yerli sakinin iştirak etdiyi sərginin açılışında millət vəkili Qənirə Paşayeva gənc rəssamlar Ramil Əhmədovun və Behbud Cəfərquliyevin fitri istedadlarından bəhs edib.O qeyd edib ki, bu 2 istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır. Onun sözlərinə görə, sərgidə nümayiş edilən əsərlərə baxdıqca, sanki tamaşaçı Ramil Əhmədovun və Behbud Cəfərqulievin işıqlı könül dünyasına səyahət edir, onların xəyal və fikirlərinin məhsulu ilə tanış olur. Onların əsərlərində vətənpərvərlik bir xətt kimi keçir deyən millət vəkili Q.Paşayeva hər iki rəssamın Azərbaycan, Türkiyə, Qarabağımızla bağlı çəkdiyi əsərlərini xüsusi vurğulayıb. "Ramilin və Behbudun qəlbində böyük bir Türk dünyası sevdası var və “bir millət iki dövlət” düşüncəsini onların bir sıra əsərlərində görmək mümkündür. Türkiyəni heç zaman görməsələr də, Türkiyəni çəkən bu gəncləri Türk dünyası daha yaxından tanımalıdır, onlara daha çox dəstək olmalıyıq və Türkiyədəki qardaş-bacılarımıza onlara göstərdikləri sevgi və dəstək üçün təşəkkür edirik. Millət vəkili Q.Paşayeva gənclərə uğurlar arzulayıb və sərginin açılışında iştirak edən hər kəsə, özəlliklə sərginin təşkilində əməyi keçənlərə xüsusi təşəkkürünü bildirib. Millət vəkili bildirdi ki, sərgi iştirakçıları əsərləri almaqla birinci qrup əlil olan Ramilin və Behbudun əsərlərindən zövq almaqla yanaşı, həm də rəssama mənəvi və maddi dəstək vermiş olarlar. Sərginin açılışında çıxış edən tədbirin təşkilatçılarından Antalya Qəzeteçilər Cəmiyyətinin başqanı Mevlüd Yeni, Antalya Türk Ocakları başqanı Abdulla Uysal, Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü hər iki rəssamın yaradıcılığına heyran olduqlarını bildirblər və Azərbaycandan olan rəssam qardaşlarımızı burada görməkdən və sərgilərinin təşkilinə dəstək vermələrindən çox məmnunuq deyiblər. Sərgiyə yüzlərlə insan gəlib və sərgi böyük maraqla qarşılanıb. Rəssamlar və ailə üzvləri onlara göstərilən dəstək üçün sərginin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər. Rəssamlarımız Ramil Əhmədovun və Behbud Cəfərquliyevin sənətsevərlərlə də görüşü olub, onları maraqlandıran sualları cavablandırıblar. Eyni zamanda sərginin təşkilatçıları hər iki rəssamımızın Antalyanın tarixi-mədəni yerləri ilə yaxından tanış olması, onların KİV nümayəndələri və sənətsevərlərlə görüşünü də təşkil ediblər. Azərbaycandan ilk dəfə getdikləri xarici ölkənin məhz qardaş Türkiyə olmasının və ilk sərgilərinin məhz qardaş Türkiyədə keçirilməsindən çox xoşbəxt olduqlarını deyən rəssamlarımız R.Əhmədov və B.Cəfərquliyev onlara bu xoşbəxtliyi yaşatdıqları üçün sərginin təşkilatçılarına təşəkkür ediblər, bundan sonra daha əzmlə çalışacaqlarını və yeni sərgilərə hazırlaşacaqlarını bildiriblər. Rəssamlarımız R.Əhmədov və B.Cəfərquliyev Türkiyə ilə bağlı çəkdikləri əsərlərini Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana, xarici işlər naziri Mövlud Çavuşoğluna, Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, Antalya Qazetəçilər Cəmiyyətinin başqanı Mevlud Yeniyə hədiyyə ediblər. Rəssamlarımızın bəzi əsərləri sənətsevərlər tərəfindən də alınıb.

Millət vəkili Q.Paşayevanın sərgidə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

Diaspora