Söykənə biləcəyimiz dağlardan biri - Dağbəyi İsmayılov

Söykənə biləcəyimiz dağlardan biri - Dağbəyi İsmayılov backend

Milli Mətbuat Gününü növbəti dəfə qeyd elədik.

Amma bayram davam edir, qarşıdan daha bir əlamətdar hadisə gəlir. Jurnalistikamızın inkişafı yolunda sözün əsl mənasında saç ağardan Dağbəyi İsmayılovun 70 yaşı tamam olur. Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədr müavini, Əməkdar jurnalist Dağbəyi müəllimin yubileyi təkcə onun ailə üzvləri, yaxınları, iş yoldaşları üçün bayram deyil, sözü-əməli bütöv ağsaqqalı, mehriban insanı, əsl peşəkarı tanıyan hər kəs bu günü əlamətdar hadisə sayır.

Bakını tanıyan, sevən, "Bakı"nı tanıdan və sevdirən imzalardan biri

Dağbəyi İsmayılov 1948-ci il avqustun 1-də Qubadlının Çərəli kəndində dünyaya gəlib. Naxçıvandakı pedaqoji məktəbi bitirdikdən sonra bir müddət doğma kəndlərində müəllim kimi çalışır. Gənc kənd müəllimi günlərin birində pedaqoji sahədə çalışanların əleyhinə, jurnalistikamızın isə lehinə olan bir addım atır-ali təhsil almaq üçün Bakıya gələrək o zamankı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunur. Universiteti bitirdiyi vaxtdan-1975-ci ildən ömrünü mətbuatla bağlayır. Jurnalist olmaq üçün Bakıya üz tutan Dağbəyi müəllim bu sahəyə də elə "Bakı"dan gəlir. Ötən əsrin 70-80-ci illərini xatırlayanlar yaxşı bilir, "Bakı" və "Baku" axşam qəzetlərinin mətbuat aləmində öz çəkisi var idi. Görkəmli jurnalist və pedaqoq Nəsir İmanquliyevin yaratdığı bu mətbuat orqanı böyük populyarlıq qazanmışdı. Dağbəyi İsmayılov öz istedadı və peşəkarlığı sayəsində Nəsir müəllimin formalaşdırdığı komandanın aparıcı üzvlərindən birinə çevrilir, imzasını həm "Bakı" və "Baku"nun, həm də Azərbaycan mətbuatının tarixinə yazdırmağı bacarır. Sıravi müxbir kimi fəaliyyətə başlayan Dağbəyi müəllim sonradan redaksiyanın ən böyük şöbələrindən birinə rəhbərlik edir, baş redaktorun müavini vəzifəsinə qədər yüksələ bilir.
Məsul və məsuliyyətli
şəxslərdən biri

2002-ci ildən Dağbəyi müəllimin həyatında növbəti, daha məsul bir dövr başlayır. Nəsir İmanquliyev məktəbinin əlaçı məzunu, "Bakı"nın şinelindən çıxan təcrübəli jurnalist kimi onu Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) dəvət edirlər. Dağbəyi İsmayılov yeni işi yerində əvvəlcə buraxılış redaktoru olur, cəmi bir il sonra AzərTAc-ın Baş redaktoru təyin edilir. 2005-ci ildən 2008-ci ilə qədər isə Baş direktorun müavini vəzifəsinin icrası ona həvalə olunur. Ölkə başçısının 2008-ci il fevralın 1-də imzaladığı Sərəncamla Dağbəyi İsmayılov AzərTAc-ın Baş direktorunun müavini vəzifəsinə təyinat alır.

Son dövrdə Azərbaycan Dövlət İnformasiya Agentliyinə çevrilən bu qurumun təkcə adı strukturu deyil, gördüyü işin həcmi və keyfiyyəti də müsbətə doğru xeyli dəyişib. Bu gün beynəlxalq aləmdə tanınan və etimad göstərilən media qurumlarından birinə çevrilən AZƏRTAC yerli və əcnəbi KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.

AZƏRTAC-ın əldə etdiyi uğurlarda Dağbəyi müəllimin böyük payı var. O, rəhbərlərindən biri olduğu bu böyük yaradıcı kollektivin bugünkü tarixini yaratmaqla yanaşı AZƏRTAC-ın salnaməsinin yazılmasında da yaxından iştirak edir. "Heydər Əliyev və AzərTAc", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" kitablarının müəllifidir.
Həmişə öz işinə peşəkarlarla məxsus məsuliyyətlə, cavanlara xas enerji ilə yanaşan Dağbəyi müəllim zəhmətinin bəhrəsini görməkdədir. Uzun illər ərzində göstərdiyi xidmətlərə və mətbuatımızın inkişafına verdiyi töhfələrə görə Əməkdar jurnalist fəxri adına layiq görülüb, "Tərəqqi" medalı ilə təltif olunub.
Vətən uğrunda qan,
dost uğrunda göz yaşı, ailəsi üçün tər tökənlərdən biri

Müdrik babalarımızın belə bir nəsihəti var-Vətən uğrunda qan, dost uğrunda göz yaşı, ailəniz uğrunda tər tökün. Dağbəyi müəllim ömrü boyu bu öyüdə əməl edib. Övladını Vətən yolunda qurban verib, oğlu Elgün Qarabağ uğrunda savaşda şəhid olub.
Dağbəyi İsmayılov müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyinə bütün varlığı ilə bağlı olan insandır. Ağır zəhmət tələb edən işi ilə hər gün bunu sübut edir, lakin heç vaxt boş hay-küy, özünü reklam arxasınca qaçmır. Dünya şöhrətli fransız yazıçısı Onere de Balzakın təbirincə desək, öz əqidəsini elan kimi divardan asmır.
70 yaşını qeyd etməyə hazırlaşdığımız Dağbəyi müəllim gözəl ailə başçısı kimi də gənclərə nümunə olan insanlardandır. Bu gün artıq Bakıda yaxşı tanınan "Jurnalistlər Evi"nin sakinləri kimi fəxr edirik ki, Dağbəyi müəllimlə təkcə həmkar yox, həm də qonşuyuq. Onu həmişə söykənə biləcəyimiz dağlardan biri sayırıq və ehtiram göstəririk. Özü, övladları və nəvələri elə ilk gündən bizim şəhərcikdə böyük hörmət qazanıblar. Mərhum ömür-gün yoldaşı Leyli xanımı daim rəhmətlə xatırlayırıq.
Qonşuların ən böyük arzularından biri övladlarımızın nişan və toylarında Dağbəyi müəllimi əsl ağsaqqal kimi həmişə məclisin yuxarı başında görməkdir. İnanırıq ki, jurnalistikamızın və "Jurnalistlər Evi"nin müdrik ağsaqqalı hələ uzun illər bizimlə birgə addımlayacaq!
Diaspora