Penoplast üzlüklü evlər sığortalanırmı? - ARAŞDIRMA

Penoplast üzlüklü evlər sığortalanırmı? - ARAŞDIRMA backend

Bakıda təxminən bir aylıq fasilə ilə penoplast üzlüklü 2 yaşayış binasının yanması sığorta şirkətlərini narahat etməyə başlayıb. Qaziler.az-ın Fins.az-a istinadən məlumatına görə, indiyə qədər yüksək yanğın riskli hesab edilməyən bu üzlüklər sığortaçıların da diqqətini özünə cəlb edib.

Avropalılar 4 ildir ki, penoplasta “yox” deyib

Azərbaycandan fərqli olaraq inkişaf etmiş Avropa ölkələrində binalar penoplast materialla üzlənmir. Çünki, 2011-ci ildən Avropa İttifaqında (Aİ) yüksək yanğın riski olduğuna görə penoplastın tikinti işlərində istifadəsinə qadağa qoyulub. Buna səbəb tikintidə təhlükəsizlik, davamlılıq və s. meyarlar üzrə standartlar hazırlayan "İnternational Code Council" təşkilatının belə materialların məktəblərin, evlərin, iş yerlərinin tikintisində istifadəsini təhlükəli hesab etməsi olub. Son nəticədə Aİ ölkələrində sığorta şirkətlərində əmlakın sığortalanması ilə bağlı ciddi narahatlıq hissi keçirmirlər. Penoplast üzlüklü binaların getdikcə artdığı Azərbaycanda isə belə binalardakı evlərin yanğın riskinin yüksək olması nəzərə alınaraq onlar ya sığortalanmır, ya da yüksək tariflə sığorta edilir.

“Penoplast üzlüklü evləri 100 manat baha sığortalayırıq”

Məsələn, “Azsığorta” şirkəti əksər hallarda belə yüksək yanğın riskli evləri sığortalamaqdan çəkinir. Bununla belə, şirkətin anderraytinq şöbəsinin müdiri Cəlal Mehdiyev fins.az-a bildirib ki, bəzi hallarda yüksək tariflə və azadolma məbləği ilə evi sığorta edirlər. Məsələn, Bakıda yerləşən, ilk və son mərtəbədə olmayan 100 min manatlıq evin sığorta haqqı 250 manat civarındadır. Eyni bazar qiymətində penoplast üzlüklü binada yerləşən evin sığorta haqqı isə 300-350 manat təşkil edir. Azadolma məbləği də xeyli fərqlənir. Belə ki, birinci misalda bu məbləğ 700-800 manatdırsa, yüksək yanğın riskli penoplast üzlüklü binada 2000-2500 manat götürülür.

“Yüksək yanğın riski olduqda sığortalamırıq”

“Beynəlxalq Sığorta Şirkəti” isə yüksək yanğın riski olan belə evləri sığortalmaqdan imtina edir. Bunun fins.az-a açıqlamasında şirkətin baş anderrayteri Qoşqar Şəkərəliyev deyib. Onun sözlərinə görə, evə baxış keçirilərkən yüksək yanğın riski olarsa, sığortadan imtina olunur.

“Bundan sonra belə evləri baha sığortalayacağıq”

“Azərsığorta” DSKŞ isə penoplast üzlüklü evləri bundan sonra baha sığortalayacaq. Şirkətin İdarə Heyətinin sədr müavini Aftandil Hacıyev deyir ki, indiyə qədər bu üzlüklərin yüksək yanğın riskli olduğunu düşünmədiklərindən belə evlərin sığortasını da adi qaydada həyata keçiriblər, yəni sığorta haqqı adi evlərdə olduğu kimi alınıb. Onun sözlərinə görə, əgər belə evlərdə sığorta hadisəsi baş versə ödəniş veriləcək, amma bundan sonra penoplast üzlüklü binalardakı evlərin sığorta haqqı digərlərinə nisbətən yüksək hesablanacaq. Çünki yanğın riski böyükdür.

“15-20 % baha sığortalayırıq”

“Azərbaycan Sənaye Sığorta” şirkəti də tez yanan üzlüklü binalardakı evləri digərlərinə nisbətən baha sığortalayır. Şirkətin təkrarsığorta və anderaytinq departamentinin direktoru Kənan Əsgərov fins.az-a açıqlamasında bildirib ki, bu evlərin sığorta haqqı adi evlərə nisbətən 15-20% yükəsəkdir. Məsələn, bazar qiyməti 100 min manat olan yanğına davamlı üzlüklü ev 350 manata sığortalanırsa, eyni bazar qiyməti olan penoplast üzlüklü evin sığorta haqqı 420 manat hesablanır.

“Binaların təhlükəsizliyi təmin edilsə, sığorta haqqı az olar”

Kənan Əsgərov onu da deyir ki, bütün binaların təhlükəsizliyi təmin edilsə, sığorta haqqı artıq olmayacaq: “Rusiyada idarə və təşkilatlarla yanaşı, yaşayış binalarında da yanğın zamanı dərhal siqnal göndərən xüsusi cihazlar quraşdırılıb. Bu da yanğının qarşısının daha tez alınması və zərərin də kiçik olması deməkdir. Bundan əlavə divarlara xüsusi yanmayan boya vurulur ki, bu da yanğının qarşısının alınmasına böyük təsir göstərir”.

“Şirkətlər belə evləri sığortalamamaqda haqlıdırlar”

Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı isə sığorta şirkətlərinin penoplast üzlüklü binalardakı evləri baha sığortalanmaqda və ya ümumiyyətlə sığortalamamaqda haqlı olduğunu deyir: “Ola bilər ki, sığorta şirkəti evi tam və ya qismən sığorta edər. Ola bilər ki, ev sığortalanarkən üzlüklə bağlı yanğın riski istisnaya aid edilə bilər. Və yaxud nisbətən baha sığortalaya bilər. Hər bir halda risk yüksək olduğundan sığorta şirkətləri haqlıdır”.
Diaspora