Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik göstərilib, müxtəlif problemlərin həllində dəstək verilib.
Qurumdan Modern.az-a verilən məlumata görə, iyulun 15-də Fizuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub. Belə ki, həmin tarixdə Fizuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zərdabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub.
Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sancması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb. Beləliklə də vətəndaşın həyatı xilas edilib.