Elektron xidmətindən istifadə edənlərin sayı artıb

Elektron xidmətindən istifadə edənlərin sayı artıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, ƏƏSMN-nin “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edən vətəndaşların sayı artmaqda davam edir.

Cari ilin aprel ayında bu e-xidmətdən faydalanan şəxslərin sayı yanvar ayı ilə müqayisədə 40,4%, fevral ayı ilə müqayisədə 32,3%, mart ayı ilə müqayisədə isə 69,6% artaraq 14018 nəfər təşkil edib. Ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə cari il mayın 1-dək ümumilikdə 61564 nəfərə müvafiq arayışların verilməsi təmin olunub. Bununla da həmin vətəndaşların müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, bu proses üçün vaxt və əziyyət sərf etmələrinə ehtiyac qalmayıb.

Vətəndaşların fəal şəkildə və real vaxt rejimində yararlandıqları bu e-xidmət eyni zamanda arayışın təqdim olunduğu təşkilatlara həmin arayışlarda əksini tapan məlumatların, o cümlədən əmək haqqı barədə göstəricilərin dürüstlüyünü yoxlamaq imkanı verir. Bunun üçün e-arayışda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə olunur. Bu amillər kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin getdikcə sürətlənməsinə səbəb olub.

İş yerinə dair e-arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur. İstifadəçi bu arayışı istəyinə uyğun olaraq orada əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edə bilir.
Diaspora