Şəhidlərin, Qarabağ qazilərinin “qan pulu” məsələsi yenə MM-də müzakirə olundu

Şəhidlərin, Qarabağ qazilərinin “qan pulu” məsələsi yenə MM-də müzakirə olundu backend

Bəs onların haqqı nə vaxt ödəniləcək? Millət vəkili Flora Qasımova parlamentin son iclasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla şəhid ailələrinə və Qarabağ əlillərinə çatacaq sığorta pulunun verilməsi məsələsini qaldırıb: “Hörmətli, Oqtay müəllim,

Şəhid ailələri neçə müddətdir ki, biz deputatlara müraciət edərək qanunla onlara çatacaq dövlət icbari sığorta pullarını almaları üçün köməklik göstərməyimizi istəyirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun vaxtında icra olunmaması bu qanunun icrasına məsul olan müvafiq icra orqanlarının günahıdır. Sizdən xahişim odur ki, Milli Məclisin sədri kimi səlahiyyətlərinizdən istifadə edərək tezliklə bu problemin həll olunması üçün öz köməkliyinizi əsirgəməyəsiniz”

Deputat Fazil Mustafa da Milli Məclis rəhbərliyinin bu məsələyə həssaslıqla yanaşdığını və məsələnin həll olunacağına inamını ifadə edib: “Bu gün Gənclər günüdür və cəbhədə həlak olan, yaralananlar da gənclərdir. Bu addımı atmalıyıq ki, insanlıar döyüşməyə, ölməyə peşman olmasınlar”.

Milli Məclisin sədri Oqtay Əsədov isə “Bizə də müraciət ediblər və bu müraciəti hökumətə göndərmişik.”, deyə qaldırılan problemə reaksiya verib.

Xatırladaq ki, artıq neçə ildir şəhid ailələri və Qarabağ əlilləri qanunla onlara çatacaq sığorta pulunu ala bilmirlər. Bilməyənlər üçün bir daha xatırladaq ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündə bu qədər vaxt keçməsinə baxmayaraq şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirlər. Hətta elə şəhid ailəsi, Qarabağ əlili var ki, əllərində bu vəsaitin sığorta şirkəti tərəfindən ödənməsi barədə məhkəmə qərarı da var. Di gəl ki, “Azərsığorta” Dövlət Şirkəti müxtəlif bəhanələr gətirərək bu vəsaiti ödəməkdən boyun qaçırır. Bütün məhkəmə instansiyalarını keçən problem hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununa qədər gedib çıxıb. Konstitusiya Məhkəməsi Plenumu da bu vəsaitin şəhid ailələrinə və Qarabağ əlillərinə ödəməsi üçün 28 yanvar 2014-cü il tarixdə qərar verib. Amma “xırda” bir tövsiyə ilə - “Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin”. Həmin qərar verilən andan bu günə qədər şəhid ailələri dəfələrlə Milli Məclisdə olub, çoxlu sayda millət vəkilləri ilə görüşüb problemin həllinə kömək istəyiblər. Lakin bu günə qədər heç bir nəticə olmayıb.

Şəhid ailələri, Qarabağ əlilləri öz aralarında bu sığorta haqqına “qan pulu” deyirlər. Maraqlıdır şəhidin, Qarabağ əlilinin qan pulunu niyə vermirlər?
Diaspora