Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub backend

QAZILER.AZ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla xəbər verir ki, (RYTN) Monteneqro Respublikasının elm naziri Sanja Vlahovicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizə təşrif buyurmuş qonağı salamlayıb və ölkələrimiz arasında yüksək səviyyədə mövcud olan münasibətlərin İKT sahəsində də əməkdaşlıq üçün münbit imkanlar açdığını söyləyib. Öz növbəsində, monteneqrolu nazir Sanja Vlahovic Azərbaycanda iki il bundan əvvəl olduğunu, İKT və elmi tədqiqatlar sahəsində əlaqələrin daha da genişləndirilməsinə maraqlarını bildirib.

E.Vəlizadə ölkəmizdə son iki ildə İKT sahədə aparılan fəaliyyətdən söz açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2 mart 2014-cü il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb, nazirliyin fəaliyyət istiqamətləri və sahələri genişləndirilib, qarşıya yeni mühüm vəzifələr qoyulub.

Hazırda nazirliyin tabeliyində iki tədqiqat qurumunun mövcud olduğu, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin və Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyi bildirilib. Nazir müavini ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması, elektron xidmətlərin inkişafı, kibertəhlükəsizlik kimi digər sahələrin diqqət mərkəzində olduğunu və qarşılıqlı əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Yaradılmaqda olan yüksək texnologiyalar parklarının fəaliyyətinin dövlət tərəfindən dəstəkləndiyini, bu məqsədlə müvafiq güzəştlərin nəzərdə tutulduğunu deyən nazir müavini Monteneqro şirkətlərinin də bu imkanlardan istifadəsinin mümkünlüyünü bildirib.

Öz növbəsində, monteneqrolu nazir Sanja Vlahovic İKT sahəsində əlaqələrin daha da genişləndirilməsindən söz açıb. Xanım nazir Monteneqroda həyata keçirilən fəaliyyətin Azərbaycan təcrübəsi ilə uzlaşdığını qeyd etdi. O, elmi elmi-tədqiqat parklarının inkişafının, xüsusən biotexnologiyaların, kənd təsərrüfatı üzrə texnologiyaların, enerji resursları və neft sahəsi üzrə kadr hazırlığı məsələləri üzrə tədbirlər görüldüyünü və Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini bildirib, qeyd olunan və digər mümkün sahələrin müzakirə edilməsi üçün forum və seminarların keçirilməsini təklif edib.

Tərəflər arasında münasibətlərin növbəti mərhələyə qədəm qoymasını diqqətə çatdıran Sanja Vlahovic səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər sahələrdə də uğurlu inkişaf üçün yeni imkanlar açacağını bildirib.
Diaspora