QAZİLER.AZ saytı xəbər verir ki, “30 iyun - Sevgililər günü” və mərhum şair Əbülfət İslamın 20 yanvar şəhidliyinin simvollarından İlhamla Fərizəyə həsr edilən “Şəhid sevgililər” kitabının təqdimatı keçirilib.
“20 yanvar” ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbayel rayon şöbəsinin ofisində keçirilən tədbir Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı aparıb.Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Zahid Oruc, Sədaqət Vəliyeva, Hikmət Babaoğlu, şair Ramiz Rövşən, professor Asif Rüstəmli, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, “Teleqraf Media qrupu”nun rəhbəri Aynur Camalqızı, Əbülfət İslamın tələbə yoldaşı və yaxın dostu, şair-publisist Əli Rza Xələfli, Kür-Xəzər birliyinin sədri Akif Kərimov çıxış edərək “30 iyun - Sevgililər günü” və “Şəhid sevgililər” kitabı ilə bağlı fikirlərini bölüşüblər. Onlar deyiblər ki, Azərbaycanda “30 iyun - Sevgililər günü”nün kütləvi qeyd edilməsi çox yaxşı olardı. Ə.İslamın “Şəhid sevgililər” kitabının işıq üzünü görməsini çox yaxşı bir hadisə kimi qiymətləndiriblər.
Sonda “20 yanvar” ictimai birliyinin sədri Sultan Əzibzadə çıxış edərək iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, yazıçılar Yunus Oğuz, Fəxri Uğurlu, şairlər Qulu Ağsəs, Əkbər Qoşalı, jurnalistlər İlham Tumas, Rey Kərimoğlu, general-mayor İsgəndər Allahverdiyev, tanınmış ilahiyyətçi Seyid Camal, Əbülfət İslamın həyat yoldaşı, ailə üzvləri, 20 yanvar və Qarabağ qaziləri və başqaları iştirak edib.
Kitabın ərsəyə gəlməsində İsmayıl Padarlının (Həkimli) xidməti xüsusiylə vurğulanıb.
Sonra iştirakçılar Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarını ziyarət edib, onların məzarlarına gül dəstələri qoyulub. Seyid Camal şəhidlərin ruhuna dualar oxuyub!
QAZİLER.AZ