Elnur Eltürk: “Torpaq məsələsində müxalifətçilik etmək xəyanətə bərabədir“

Elnur Eltürk: “Torpaq məsələsində müxalifətçilik etmək xəyanətə bərabədir“ backend

Əvvəllər deyirdilər ki, hakimiyyət bir qarış da olsa torpaq azad etmir.

Naxçıvanda baş tutan uğurlu əməliyyatla bağlı sosial şəbəkədə bəzi yorumlara baxıram, şəxsən utanıram. Uğurlu əməliyyata başqa rəng qatmaq istəyənlər var. Axı bunu necə fikirləşmək olar?! Ortada 11 min hektar torpaq azad edilib. Qayıdan canımızdan bir parçadır.

Nəticədə, 26 ildən sonra insanlar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunun sevincini yaşamaq başqa aləmdir. Uğurlu əməliyyata don geyindirmək düşmən dəyirmanına su tökməkdir. İnsanlarımız torpaq itkisi ilə dünyalarını dəyişirlər. Belə məntiqsiz, lüzumsuz fikirlər onların narahat ruhunu daha da narahat edir.

Burada qədim türk tarixindən misal çəkmək istəyirəm. Türk dünyasının böyük hökmdarı Mete Xaqanın Çinin Monqol Dunxu tayfaları ilə torpaq problemi yaranır. Dunxu tayfaları ilə münasibətlərin dinc yolla tənzimlənməsinin tərəfdarı olan Mete Xaqan onların torpaq istəklərinin yolverilməz olduğunu dərk edərək nüfuzlu saray məmurları, ordu başçıları, ağsaqqallar arasında məsləhətləşmələr aparır. Məsləhətləşmələr zamanı torpaq məsələsi ilə bağlı bir sıra ziddiyyətli məqamlar üzə çıxır. Ağsaqqallar Xaqana yararsız torpaq sahələri uğrunda qan tökülməsinin yol verilməzliyini vurğulayaraq onu bu işdən vaz keçməyə çağırırlar. Lakin Mete Xaqan onların bu təkliflərindən qəzəblənərək bildirir: "Torpaq dövlətin təməlidir, torpaq millətindir və babalarımız onu qan axıtmaqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənlərin bircə cavabı var: onlarla savaşa girmək. Ona görə də mən əmrimi verirəm: hazırlaşın, düşmən üzərinə gedirik!".

Qarabağ döyüşlərinin fəal iştirakçısı, dostum Xanoğlan Heydərov mənə bir dəfə danışdı ki, Türk dünyasının böyük lideri Əbülfəz Elçibəy Bütöv Azərbaycan Birliyinin iclasında onun dövründə icra başçısı işləmiş şəxsin torpaqlar azad olunduqdan sonra ora heç kimin qayıtmacağı ilə bağlı fikrinə sərt cavab verdi: “Sən icra başçısı işləmiş şəxsən və belə danışmamalısan. Əsas odur ki, torpaqlar azad olunsun. Qoy, adamın Bakıda, Laçında, Təbrizdə evi olsun. Bunun ziyanı yoxdur. Heç kim yaşamasa belə, Qarabağ azad olunmalıdır. İnsanlar özləri torpaqlara qayıdacaqlar”.

İnsanlarımızın Cocuq Mərcanlıya qayıdışı bunu sübut etdi. Torpaq məsələsində müxalifətçilik etmək xəyanətə bərabədir. Qarabağ məsələsi bizi bütünlüyümüz təşkil etməlidir. Necə ki, aprel döyüşlərində xalq olaraq birliyimizi ortaya qoyduq. Çünki birliyimiz labüddür və başqa yolumuz yoxdur. Axı təkcə Ermənistanla döyüşmürük. Arxasında böyük dəstəyi olan güclə üz-üzəyik.

Xüsusilə, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları daha da sıx birləşməli və həmrəyliklərini gücləndirməli, ümummilli maraqlar ətrafında fəaliyyətlərini artırmalıdırlar. Beynəlxalq təşkilatlarla ünsiyyət sıxlaşdırılmalı, xarici mətbutda haqq səsimizin yayılması, Ermənistanın işğalçılıq siyasətinin ifşası istiqamətdinə fəaliyyət əsas xətt kimi seçilməlidir.

Elnur Eltürk
Diaspora