Binada 56 ailə qeydiyyatda olub.
Bu gün yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada 56 ailə qeydiyyatda olub.Bu barədə APA-ya açıqlamasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygun Əliyeva bildirib.
A. Əliyeva deyib ki, yanğına qədər binada yaşayanların sayı dəqiq məlum deyil: “Çünki binada kirayə yaşayanlar, ümumiyyətlə, binada ev alsalar da, yaşamayanlar da var. Ona görə də binada yaşayanların sayı ilə bağlı dəqiqləşdirmə aparılır”.
A. Əliyeva deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bütün zərərçəkənlərin müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür: “Biz də hazırda hadisə yerindəyik, bütün zərərçəkən sakinlərin qeydiyyatı aparılır. Kimlər kirayə evlə təmin olunmaq barədə müraciət edirsə, ehtiyacı varsa, onların hamısı müvəqqəti olaraq kirayə formasında evlə təmin olunacaqlar”.
A. Əliyeva İcra Hakimiyyəti əməkdaşlarının yanğın zamanı xəsarət alan və xəstəxanada yerləşdirilən sakinlərin yanında olduqlarını da qeyd edib.
Xatırladaq ki, bu gün baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.