Yapon aliminin növbəti humanist aksiyası Ağdamda reallaşıb

Yapon aliminin növbəti humanist aksiyası Ağdamda reallaşıb backend

Tanınmış yapon alimi, “Fuci Optikal” şirkətinin rəhbəri doktor Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə növbəti humanist aksiyaya başlayıb.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində mayın 19-da Ağdam rayonunda məcburi köçkünlər və aztəminatlı ailələr üçün göz müayinələri həyata keçirilib. Humanist aksiya zamanı 482 nəfər müayinə olunub və onlara eynəklər paylanıb.

Ağdamda təşkil olunan aksiya mayın 21-dək davam edəcək. Mayın 22-də isə Tərtərdə məskunlaşan məcburi köçkünlər və aztəminatlı ailələr göz müayinəsindən keçiriləcəklər.

Qeyd edək ki, humanist aksiya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində reallaşdırılır. Doktor Kanai Yaponiyanın “Fuci Optikal” özəl şirkətinin rəhbəri və 30 ildən çox müddətə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının seçilən özəl donorudur. Şirkət BMT QAK-ın aidiyyətində olan şəxslər - qaçqınlar, sığınacaq axtaran şəxslər və məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı həyata keçirir.

Bu, “Fuci Optikal” şirkətinin Azərbaycanda 11-ci belə missiyasıdır. Şirkət Azərbaycandakı missiyasını yerinə yetirmək üçün 2005-ci ildən indiyədək 2 milyon ABŞ dollarınadək vəsait xərcləyib, o cümlədən ölkəmizə 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşya gətirib. Ümumilikdə 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan şəxs ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.
Diaspora