Azərbaycanda payızlıq əkinlər üçün 1017,0 min hektar sahədə şum aparılıb, 892,3 min hektarda dən və yaşıl yem üçün, o cümlədən 875,7 min hektar dən üçün payızlıq taxıl səpilib. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Onun da 537,2 min hektarını buğda, 338,4 min hektarını arpa təşkil edir. Nazirlikdən bildirilib ki, 2014-cü illə müqayisədə taxıl səpini 10,6 faiz azalıb.
Mövsüm ərzində baş vermiş quraqlıqla əlaqədar torpağın əkin qatı hədsiz dərəcədə bərkidiyinə görə, biçindən sonra sentyabr ayına qədər bir sıra rayonlarda vaxtında şum qaldırılmadığından optimal müddətdə səpin aparmaq mümkün olmayıb. Nəticədə bu sahədə ötən illə müqayisədə azalma müşahidə olunub. Nazirlik tərəfindən şum və səpin aparılması ciddi nəzarətə götürülüb. Bəzi rayonlarda qərargahlar yaradılıb, ərazi kənd təsərrüfatı idarələrindən şum və səpinin gedişi barədə gündəlik operativ məlumatlar toplanılıb və müvafiq təhlillər aparılıb.