Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları üçün “Peşə gigiyenası” mövzusunda ikigünlük təlim seminarı keçirilir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşları üçün “Peşə gigiyenası” mövzusunda ikigünlük təlim seminarına başlanılıb.Seminar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) nəzdindəki İslam ölkələrində Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) “İƏT-in Potensialının gücləndirilməsi” proqramı çərçivəsində təşkil edilib. Həmin Proqrama uyğun olaraq, İƏT-ə üzv ölkələrdə əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində ehtiyac duyulan mövzularda təlim proqramları həyata keçirilir.
Seminarda Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Peşə Təhlükəsizliyi və Sağlamlığı Baş İdarəsinin mütəxəssisi İsmail Firat Yavuzdemir tərəfindən istehsal sahələrində əmək şəraitinin ekspertizası, iş yerlərində insan sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amillərin, toksiki maddələrin tədqiq olunmasının müasir üsulları barədə təqdimatlar edilib.
Tədbirdə həmçinin iş yerlərində sağlamlıq üçün zərərli istehsalat amillərinin müəyyən olunması üçün müasir ölçmə vasitələri, yeni ekspertiza avadanlıqları, onlardan istifadə mexanizmi barədə də iştirakçılara dolğun məlumatlar veriləcək.