“Əgər islahat budursa, əhali arasında, müəllimlər, alimlər arasında stress yaratmaqdan ibarətdirsə, bu, islahat deyil”
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında “Təhsil haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qanun layihəsini təqdim edən akademik İsa Həbibbəyli etirazla üzləşib.Deputat Vahid Əhmədov çıxışında deyib ki, bir neçə il əvvəl müəllimlərin dövlət qulluqçusu olması ilə bağlı təklif də xeyli mübahisələrə səbəb olmuşdu: “İndi də müəllimlərlə, təhsillə əlaqədar guya çox ciddi islahatlar aparırıq və təkid edirik ki, müəllimlər mütləq sertifikasiyadan keçməlidir. Hətta tələb edirik ki, elmlər namizədləri və elmlər doktorları da mütləq imtahan verib sertifikat almalıdır. Yəni 5 ildən sonra o stressi bir də yaşamalıdırlar. Əgər islahat budursa, əhali arasında, müəllimlər, alimlər arasında stress yaratmaqdan ibarətdirsə, bu, islahat deyil. Ümumiyyətlə, sertifikatlaşdırma nə ilə əlaqədardır? Elmlər namizədi müdafiə edib elmlər namizədi adını alıb, elmlər doktoru müdafiə edib, sertifikatını alıb, onda onlar niyə təzədən sertifikat almalıdır? Bu sertifikasiya məsələsi başadüşülən deyil. Xahiş edirəm, aydınlıq gətirin”.
Musavat.com