Bu il Azərbaycan ordusunun yaradılmasının 100-cü ildönümü qeyd olunacaq.
Ordumuz hazırkı vəziyyətinə çatana qədər xeyli çətin və şərəfli yol keçib. Azərbaycanın hərbinin tarixi çox qədim olsa da, milli ordumuzun təməli Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qoyuldu.100 il öncəyə qısa nəzər...
1918-ci ildə Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordu formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordusunun təməli qoyuldu.
1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun HüseynxanNaxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.
Tarixi faktlarda qeyd olunur ki, 1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi.
Təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Bununla da Azərbaycanın müstəqil ordu quruculuğunda fasilə yarandı. Belə ki, 1920-ci ildə Azərbaycan Rusiya Sovet Federativ Sosialist Respublikası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verildi. Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi.Həmçinin İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına Sovet İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi. 1971-ci ildə o zaman Azərbaycan Kommunist Partiyasının birinci katibi olan Heydər Əliyevin də səyi nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb olan Cəmşid Naxçıvanski adına hərbi lisey yarandı. Azərbaycan siyasətçilərinin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da mümkün oldu.
İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşdü ki, onların da 300 mindən çoxu döyüşlərdə həlak oldu Müharibənin hələ ilk günlərində respublikada 4 mindən çox oğlan və qız könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. Müharibədə hətta azərbaycanlılardan ibarət diviziyalar təşkil olunmuşdu. 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşlar. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi. 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi. İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.
Müasir ordumuzun tarixi və ilk uğurları
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bununla da müstəqil ordu quruculuğu istiqamətində ilkin addımlar da atılmağa başladı. Lakin o dövrdə məlum olduğu kimi yenicə müstəqil olan ölkədə mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyət hökm sürürdü. Bütün bunların fonunda könüllülərdən ibarət müxtəlif dəstələr yaradılırdı. Lakin könüllülərdən yaradılan ordu istər struktur, istərsə də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması nəticəsində silahlı dəstələr müxtəlif şəxslərin əlində cəmlənmişdi və onların əmrlərini yerinə yetirirdi.
Digər tərəfdən, Azərbaycana xarici müdaxilə, Ermənistanın ərazi iddiaları ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu. Mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. 1993-cü il noyabrın 1-də prezidentin müvafiq fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Həmin gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasınaistiqamətləndirilmiş tədbirlər müəyyən olundu. 1993-cü il noyabrın 23-də Milli Şurada “Müdafiə haqqında” Qanun qəbul edildi. Qanunda ordu quruculuğunda məsul vəzifəli şəxslərin və orqanların fəaliyyəti sistemləşdirilərək məsuliyyət sahələri dəqiqləşdirilirdi. Noyabr-dekabr aylarında 40 ehtiyat taboru təşkil edildi.
Nəhayət, 1994-cü il mayın 12-də atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda köklü islahatlar aparılmasına şərait yaratdı. Orduya çağırışla bağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qalxdı. Dövlətçiliyi və hərbçi şərəfini uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı digər zəruri addımlar atıldı.
Bütün bu kimi addımlar Azərbaycan ordusunun uğurlu əməliyyatlar həyata keçirməsinə təkan oldu. Nəticədə düşmən erməni ordusunun Azərbaycanın içərilərinə doğru irəliləməsinin qarşısı alındı.
1994-cü il yanvarın 5-də aparılan uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22 kənd işğaldan azad edildi. Həmçinin düşmən ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində əks-hücumlarına tab gətirməyərək ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu.
Bu hadisəyə qədər 1990-cı illərin əvvəllərində Başkənd əməliyyatı, Ağdərə, Qazax istiqamətində uğurlu döyüşlərimiz olub. Belə ki, 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdi.
1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən 100 nəfər hərbi qulluqçumuz Milli Qəhrəman adına layiq görüldü. Ümumilikdəsə, müstəqillik dövründə Azərbaycan ordusunun əsgər və zabitləri sırasından 109 hərbçiyə Milli Qəhrəman adı verilib. Azərbaycan ordusunun qəhrəmanlıqları nəticəsində erməni qüvvələri xeyli sayda itki verdilər. Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb. Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib. İtkilər olsa da Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi və bunun fonunda müasir ordumuz günbəgün güclənərək, düşməni diz çökdürəcək qüvvəyə sahibləndi. 1997-2014-cü ilə qədər 191 nəfər hərbiçimiz “İgidliyə görə medalı ilə təltif edilib.
Son illərdə Azərbaycan ordusu...
Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində Azərbaycan ordusu son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə də general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra bu inkişaf açıq şəkildə özünü göstərir. Bunu sübut etmək üçün sadəcə olaraq aprel döyüşlərinə nəzər salmaq kifayət edir. Azərbaycanın müstəqilliyi dövründəki hərb tarixinə “dördgünlük müharibə” kimi daxil olmuş aprel döyüşləri düşmənə bir dərs oldu. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin güclü artilleriya atəşinə məruz qaldı, nəticədə 2 dinc sakin həlak oldu, 10 nəfərə yaxın sakin isə yaralandı.
Ermənistan tərəfinin təxribatına cavab verilməsi, hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdi. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni silahlı qüvvələrindən təmizləndi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələtəpə" yüksəkliyi də işğaldan azad olundu. Amma məğlub duruma düşməsinə baxmayaraq erməni ordusu verdiyi itkilərlə barışa bilmirdi. Çox sayda canlı qüvvə və silah-sursat itirməsinə baxmayaraq işğalçı ordu əldən verdiyi mövqeləri qaytarmağa çalışırdı.
Nəticədə növbəti həmlədə düşmən 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verdi. Bu döyüşlər bir daha Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı. Eyni zamanda, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsi Ermənistan Silahlı Qüvvələrindən tam azad olundu. Düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdıldı. Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.
Ümumilikdə, aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin 30-dək tankını məhv edib. Bəzi məlumata görə, qarşı tərəfin canlı itkisi 320-yə yaxın olub, 500-dən artıq erməninin isə yaralandığı bildirilir. Azərbaycan ordusu aprel döyüşləri zamanı 2000 hektardan artıq ərazini işğaldan azad edib və əməliyyat baxımından daha çox ərazi isə, Azərbaycan ordusunun nəzarəti altına keçib. Aprel döyüşləri bir daha Azərbaycan ordusunun gücünü və döyüş qabiliyyətini Ermənistana, eləcə də bütün dünyaya göstərdi.
Bütün bunlar müstəqillik dövründə Azərbaycan ordusunun yüksələn xətt üzrə inkişafının açıq şəkildə sübutudur.
Qeyd: Yazı, “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.
Musavat.com