Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iki rayonda Əmək yarmarkası keçirəcək.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən mayın 20-də Xaçmaz rayonunda (Xaçmaz rayonu, Heydər Əliyev adına Mədəniyyət mərkəzi), mayın 21-də isə Qobustan rayonunda (Qobustan rayon Məşğuluq Mərkəzinin inzibati binası) Əmək yarmarkaları təşkil ediləcək.Həmin rayonların məşğulluq orqanları tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində müəssisələrdən boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri davam etdirilir. İlkin məlumata görə, yarmarkalar zamanı Xaçmaz rayonunda 23 müəssisə üzrə 360-dan çox, Qobustan rayonunda isə 12 müəssisə üzrə 170 boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təqdim olunması nəzərdə tutulur.
Yarmarkalar zamanı peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınacaq.