Bakıda nazirlər toplantısı keçirilib

Bakıda nazirlər toplantısı keçirilib backend

Bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlər toplantısı keçirilib.

Trend-in məlumatına görə, toplantıda müxtəlif ölkələrdən nazirlər və dövlət qurumlarının təmsilçiləri iştirak edib.

Toplantıda 2015-ci ildən sonra dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf məsələləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk öncə Forumun əhəmiyyətindən danışıb. O qeyd edib ki, Forum dünya mədəniyyətləri arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm rol oynayır: "3 il öncə biz mühüm bir hərəkatın əsasını qoymuşuq və bu proses Bakı prosesidir. Biz üzərimizə xüsusi bir məsuliyyət götürdük, insanları bir araya gətirmək onları bir-birini anlamağa, mədəniyyətlərinə hörmət etmələrinə töhfə verməkdir".

Nazir həmçinin dünyada turizmin inkişafından danışıb və bunun mədəniyyətlər arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri Forumun əhəmiyyətini qeyd edərək bildirib ki, mədəniyyət inkişafa töhfə verən önəmli bir amildir.

O qeyd edib ki, mədəniyyətin inkişafı həmçinin iqtisadiyyatın inkişafı deməkdir: "Mədəniyyətə qoyulan investisiyaya öklələrin inkişafına xidmət edir. Turizm sektorunun inkişafı mədəniyyətlərarası əlaqələri gücləndirir. Ötən illər ərzində dünyada səyahət edən insanların sayının artması mədəniyyətə də öz təsirini göstərir. Bir il ərzində dünyada bir milyarddan artıq insan səyahət edir".

Sonra çıxış edənlər Forumu təşkil etdiyinə görə, Azərbaycana təşəkkürlərini bildirib və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində təklif və fikirlərini səsləndiriblər.
Diaspora