Azərbaycan torpaqlarını erməni təcavüzündən müdafiə edərkən yaralanıb sağlamlığını itirən II qrup Qarabağ əlili Ceyhun Nadirov QAZİLER.AZ saytına minnətdarlıq məktub ünvanlayıb. Həmin məktubu dəyərli oxucularımıza təqdim edirik:
“Hörmətli redaksiya! Mən Qarabağ döyüşlərində ağır yaralanaraq bir ayağımı itirmişəm. Tale bizə müharibəni, müharibədə ağır yaralanmağı, sonra digər Qarabağ əlilləri kimi mənə də keşməkeşli bir həyat yaşatdı. Çox böyük problemlər yaşadım. Amma bu problemlərin girdabında bizləri tək qoymayan, onların həllində yardımçı olan dövlətimizi, “Qarabağ qaziləri” birliyini (Əvvəllər Qarabağ Əlillər Cəmiyyəti) həmişə minnətdarlıqla anmışam.Bu günlərdə səhhətimdə yenidən problem yarandı. Burnumda yaranmış problemə görə çətin nəfəs alırdım. Bu da mənə böyük çətinlik yaradır, onsuz da gərgin olan əsəblərim pozulurdu. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Rüfət Əliyevə müraciət etdim. Onun tapşırığı ilə təmənnasız olaraq məni sözügedən xəstəxanaya qəbul edib əməliyyat etdilər. Hazırda özümü yaxşı hiss edirəm. Bu xeyirxah və mərhəmətli əməllərinə görə tibb xidməti polkovniki Rüfət Əliyevə, cərrahiyə şöbəsinin rəisi Ruhəngiz xanım Əhmədovaya, cərrah Səid Allahverdiyevə dərin minnətdarlığımı bildirməyi özümə borc bildim! Allah köməkləri olsun!”
“Qarabağ qaziləri”, “Vətən Müahirbəsi Əlilləri” birliklərinin və QAZİLER.AZ saytının rəhbərliyi də Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Rüfət Əliyev başda olmaqla C.Nadirovun əməliyyat olunmasında xidməti olan hər kəsə təşəkkürünü bildirir!
QAZİLER.AZ