Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Silahlı Qüvvələrin “Əsgər yaradıcılığı” müsabiqəsi təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı ilə hazırlanan tədbirlər Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində keçirilib.Bakı və Sumqayıt qarnizonunda yerləşən birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin şəxsi heyətinin nümayəndələri bugünkü yaradıcılıq müsabiqəsində fəal iştirak ediblər.
Müsabiqədə “N” saylı hərbi birliyin əsgərlərinin ifaları böyük maraq doğurub. Əsgər Abbasxan Abbaszadənin ifa etdiyi “Azərbaycan” mahnısı, əsgər Tofiq Həmidovun “Qarabağ şikəstəsi”, Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin məzunu olan əsgər Vüqar İsmayılovun və qarmonda Cəlal Cəlilovun ifaları Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından ibarət qrupun ifasında “Torpağın səsi” mahnısı, ali hərbi məktəblərin kursantlarının bədii qiraəti, musiqi alətlərində ifaları da müsabiqəyə xüsusi rəng qatıb.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.