“İllərdir ki, əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçrilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.Deputatın sözlərinə, elə şəxslər var ki, onların haqqı çatmasa da əlillik ala bilir.
“Elələri də var ki, haqqı çatır, amma əlillik ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı- ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi gündəmə gələ bilər”.
S. Novruzovun fikrincə, elə əlillər var ki, onlar işləyə bilərlər: “Əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv bir üzvü kimi fəaliyyətə cəlb etmək olar. Elə əlillər var ki, onlar oturaq şəkildə çalışa bilərlər”.
Azərbaycan qanunvericiliyinə görə, hər hansı təşkilat bağlandıqda orada ən son əlillər, müharibə veteranları işdən uzaqlaşdırılmalıdır.
Bu insanların iş axtarması digərlərindən daha çətindir. Bu qanunda təsdiq olunsa da, bəzi strukturlar buna nəzarət etmirlər. Bu məsələ ciddi nəzarətdə olmalıdır. Deputat həmkarlarıma kifayət qədər şikayətlər gəlir. Aidiyyatı strukturlar buna ciddi nəzarət etməlidirlər ki, bu cür insanların hüquqları daim qorunsun”.