Azedu.az təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.
“Aprel 2016” Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.Təqdim etdiyimiz “Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşüb, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazırlar.
Bu dəfə, Aprel döyüşlərində həlak olan, şəhid baş leytenant Mirzə Novruzovun oğlu Nihad Novruzovun atası haqqında yazdığı inşanı təqdim edirik.
Qeyd edək ki, digər Aprel şəhidlərinin övladları əlyazma şəkilində inşa yazıb redaksiyamıza yollasalar da, Avropa Azərbaycan Məktəbinin 4 C sinifində oxuyan Nihad kompüterdə yazmağa üstünlük verdi.
Lakin bu, Nihadın yazdıqlarının səmimiliyinə, təsirliliyinə zərrə qədər xələl gətirmədi:
Mən atam haqqında çox şey bilirəm. O, hərbçi idi. Məni də özü ilə bayramlarda əsgərlərin yanına aparardı. Mənə əsgər paltarı geyindirərdi. Sonra da baxıb fərəhlənərdi. Mən onun gözlərinin yaşardığını da gördüm. Ona həmişə əsgər salamı ilə salam verərdim. Balaca bacım da mənə baxıb mənim hərəkətlərimi təkrarlayardı. O, həmişə evə gələndə çox sevinərdik. O, gələndə üzündən öpərdik. Atam və onun əsgərləri “Vətənə xidmət edirik” deyəndə bunu anlamasam da, indi bilirəm ki,vətən yaşadığımız,üzərində xoşbəxt gəzib-dolaşdığımız torpaqdır. Bu torpaq uğrunda düşmənlərlə vuruşan, qəhrəmanlıq göstərənlər içərisində atam da var. Onun üçün çox darıxıram. Anamdan xəlvət onun paltarlarını öpürəm. Şəklinə həmişə baxıb ona əsgər salamı verirəm, məktəbə gedəndə isə sağollaşıram. Dərslərimdən əla qiymətlər alıram və ona deyirəm.
Aprel şəhidləri Azərbaycan Xalq Cümhuriyyətinin varisləridirlər. Mayın 28-də mən Fəxri xiyabanda olan şəhid məzarlarını ziyarət edəcəyəm. Burada atam Mirzə Novruzovun da məzarı vardır. Bayramın mübarək, atacan. Sən nağıllarda oxuduğum həqiqi qəhrəmanımsan. Səninlə fəxr edirəm. Hamınızın qisasın ermənilərdən alacağam. Hərbi həkim olacaq, əsgərləri sağaldacağam. Qoy uşaqlar atasız böyüməsinlər. Mən sənin üçün darıxsam da,anamı və bacım Nurayı darıxmağa qoymayacağam. Söz verirəm ki, sənə layiq övlad olacağam. Azərbaycanımı sənin qədər sevəcək,bu torpağı şərəflə qoruyacağam.
DOSYE: Mirzə Novruzov 1984cü ildə Bakıda anadan olub. Mirzə Novruzov ailəli idi, iki övladı yadigar qalıb.
Baş leytenant Mirzə Novruzov 2016-cı ilin aprelindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.
Aprelin 5-i isə Mirzə Novruzov doğulduğu Bakıda - II Fəxri Xiyabanda son mənzilə yola salınıb.
Mirzə Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda” medalı ilə təltif edilib.