“Avropa Birliyi bu zirvə toplantısını təşkil etməklə Şərq Tərəfdaşlıq Proqramının (ŞTP) birlik üçün hələ də əhəmiyyət kəsb etdiyini bildirmək və bu layihəyə dəstəyini təkrar ifadə etmək istəyir”.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının üzvü Azay Quliyev mayın 21-22-də AB liderləri və Şərq tərəfdaşları ölkələri rəhbərlərinin iştirakı ilə Riqada keçiriləcək “4-cü Şərq Tərəfdaşları Sammiti”ndən gözləntiləri ilə bağlı açıqlamasında deyib.“Bu sammitin keçirilməsini həm də Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanın daxil olduğu ŞTP-ni xilas etmək cəhdi də adlandırmaq olar. Bu gün AB-nin bu layihəsi ciddi böhran keçirir və gələcək perspektivi şübhə altındadır. Ermənistan və Belarus Şərq Tərəfdaşlıq Proqramının prinsip və məqsədləri ilə ziddiyyət təşkil edən Rusiyanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmaqla faktiki olaraq bu layihədən çıxmış oldular. Azərbaycan isə ərazi bütövlüyünün dəstəklənməsi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməməsi kimi həyati əhəmiyyət daşıyan müddəaların AB-nin təklif etdiyi assosiasiya sazişində nəzərə alınmamasına etiraz əlaməti olaraq bu sənədi imzalamaqdan imtina etdi. Ukrayna, Gürcüstan və Moldovanın istəkləri nəzərə alındığına görə onlar AB ilə assosasiya sazişini imzaladılar”.
Millət vəkilinin sözlərinə görə, ŞTP iştirakçısı olan 6 ölkə içərisində yalnız Azərbaycana qarşı ayrı-seçkilik nümayiş olunur:
“Buna isə təəssüflənməmək mümkün deyil. 2009-cu ildə bu təşəbbüsə qoşulanda ümid edirdik ki, Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycanın bu strateji seçimi Brüssel tərəfindən adekvat qiymətləndiriləcək. Bütün təhdidlərə və risklərə rəğmən Azərbaycan Avropa Birliyini alternativ enerji ilə təmin edən və götürdüyü beynəlxalq öhdəliklərə tam sadiqlik nümayiş etdirən yeganə tərəfdaş ölkədir. Ermənistanın Putinin göstərişi ilə assosiasiya sazişinin imzalanması ilə əlaqədar 3 ildən çox müddətdə AB ilə apardığı danışıqların yekunundan və götürdüyü öhdəlikdən bir gecənin içində imtina edərək Gömrük İttifaqına qoşulmasına Brüsselin “dişsiz” reaksiyasının və əksinə Şərq Tərəfdaşlıq Proqramının parlament ölçüsü olan Avronest Parlament Assambleyasının illik sessiyasının bu ilin martında İrəvanda keçirilməsi haqqında qərar verməsinin isə bir adı var: siyasi riyakarlıq və ikiüzlülük”.
A.Quliyev Azərbaycanın Riqa sammitindən konkret gözləntilərini də açıqlayıb:
“1) AB Azərbaycanla milli maraqlarımızı özündə ehtiva edən və ölkəmizin geosiyasi və strateji əhəmiyyətinə adekvat olan yeni bir sənədin, strateji əməkdaşlıq sazişinin imzalanmasının zəruriliyini rəsmən bəyan etməlidir. 2) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız beynəlxalq hüquq normaları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində dəstəklədiyini açıq və birmənalı bildirməlidir. 3) Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz və təxirəsalınmadan çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını Ermənistandan tələb etməli və əks təqdirdə Ermənistana qarşı sanksiyalar tətbiqini gündəmə gətirməlidir. 4) AB, AP və Avropa institutları tərəfindən Azərbaycana qarşı sərgilənən ikili standartların, qərəzli və ədalətsiz qərar və qətnamələrin yolverilməz olduğunu bildirməli, bu qurumları Azərbaycanla konstruktiv əməkdaşlığa və dialoqa səsləməlidir”.
Qeyd edək ki, bu yazı Latviya Xarici İşlər Nazirliyinin Şərq tərəfdaşlığı məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykansın “sonrakı əməkdaşlıqla bağlı Azərbaycandan təkliflər gözləyirik” fikrinə cavab kimi də qəbul edilə bilər.