Qarabağ qaziləri başçı tərəfindən döydürülən və evini yandırmağa məcbur edilən döyüşçü ilə bağlı açıqlama yaydı: - Onu tək qoymayacağıq!

Qarabağ qaziləri başçı tərəfindən döydürülən və evini yandırmağa məcbur edilən döyüşçü ilə bağlı açıqlama yaydı: - Onu tək qoymayacağıq! backend

Xəbər verildiyi kimi, Qarabağ döyüşçüsü, 2 ci qrup əlil Fuad Əkbərov Abşeron rayon icra hakimiyyətinin “qoçuları” tərəfindən vəhşicəsinə döyülüb.

O da buna etiraz əlaməti olaraq öz evini od vuraraq yandırıb, günahkarlar cəzalanmasa intihar edəcəyini bildirib.

QAZİLER.AZ saytı xəbər verir ki, baş vermiş hadisə ilə bağlı “Qarabağ qaziləri” birliyi açıqlama yayıb. Açıqlamada deyilir:

“Hadisə baş verən kimi təşkilatımız bununla bağlı araşdırmaya başladı. Və məlum oldu ki, Qarabağ döyüşçüsünə qarşı Abşeron rayon icra hakimiyyəti tərəfindən haqsızlıq edilib! Bu azmış kimi döyüşçünü icra hakimiyyətinin “Qoçuları” (Baba” adlı işçisi də olmaqla) döyüblər. Hadisə ilə bağlı yayılmış materialı təşkilatımızın QAZİLER.AZ saytında da dərc edərək 1 milyona yaxın insanın izlədiyi sosial şəbəkələrdə paylaşdı. Öz kanallarımız vasitəsi ilə müvafiq dövlət qurumlarının rəhbərləri hadisə barədə məlumatlandırıldı. Ümid edirik ki, hadisə ciddi şəkildə araşdırılacaq, döyüşçüyə qarşı vəhşilik etmiş şəxslər öz cəzalarına çatacaqlar. Çünki törədilmiş cinayət əməlinin nəticəsi videomaterialda açıq-aydın görünür. Elə bu özü kifayətdir ki, hüquq mühafizə orqanları cinayətkarlarla bağlı lazımı addım atsın.

Hazırda bir neçə müharibəyönümlü təşkilat rəhbərləri ilə bu və digər rayon icra hakimiyyəti başçılarının özbaşınalığı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edilməsi məsələsi müzakirə edirlər.

Bütün bunlara baxmayaraq, “Qarabağ qaziləri” birliyi baş vermiş hadisəni pisləyir, Qarabağ döyüşçüsünə qarşı törədilmiş cinayətin dərhal araşdırılmasını, cinayətkarların cəzalandırılmasını və ona dəymiş ziyanın ödənilməsini tələb edir!

Xatırladaq ki, belə hal Abşeron rayonunda birinci deyil. Bu rayonda Qarabağ döyüşçülərinə qarşı qanunsuzluq və özbaşınalıq halları dəfələrlə olub! Və davam edir. Ona görə də Abşeron rayon icra hakimiyyətinin xanım başçısını Qarabağ qazilərinə, veteranlarına və şəhid ailələrinə qarşı diqqətli olmağa, belə özbaşınalığa son qoymağa çağırırıq!

Biz təşkilat olaraq, imkanlarımız daxilində, heç bir Qarabağ qazisini, o cümlədən F.Əkbərovu harınlamış məmurlar qarşısında tək qoymayacağıq!”

QAZİLER.AZ
Diaspora